Qurbanəfəndi kəndində “Dini radikalizmlə mübarizədə İslam həmrəyliyi vasitə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə baş inspektoru Rahim Orucov, İsmayıllı şəhər “Cümə” məscidi və Topçu kənd məscidi dini icmalarının sədirləri Vasif Teymurov, Rəşid Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov açıb və keçirilən maarifləndirmə tədbirlərinin xüsusilə gənclərin radikalizm və ekstremizmə qarşı maarifləndirilməsində mühüm rol oynadığını bildirib.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə formaları haqqında məlumat verib.
İsmayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov radikalizmə qarşı əbliğatda istifadə edilən psixoloji metodlar və yollar haqqında iştirakçılara məlumat verib.
Daha sonra “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov çıxışında ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.
İştirakçılarla aparıcılar arasında işgüzar dialoq formasında tətbir davam etdirilib. Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən çap edilmiş dini məzmunlu ədəbiyyatlar paylanılıb.