Şriftin ölçüsü :

Saytın rəngi :

Tircan kəndində qəbul

18 sentyabr 2017 | 16:00

Tarixi qədim, bu günü abad olan Tircan kəndi rayonun  aqrar inkişafında əhəmiyyətli yer tutur. Rayon icra hakimiyyətinin rəhbərliyi buranın fəaliyyət prosesində yaranan problemlərinin vaxtında həlli üçün ardıcıl olaraq təminat yaradır.
18 sentyabr 2017-ci il tarixdə Tircan İƏD-in inzibati binasında keçirilən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun Tircan kəndində keçirdiyi qəbul da bu məqsəddən irəli gəlirdi.
Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlov gəlişinin məqsədini açmamış Mirdaməd Sadıqov bildirdi ki, sizin müalicəniz üçün köməyə ehtiyacınız olduğunu bilirəm. Ərizəniz götürüləcək və istəyiniz də yerinə yetiriləcək.
Ağsaqqallar Ələm Balaşov və Rauf Kazımov rayonda gedən səmərəli, gərəkli işlərə görə razılıqlarını bildirdilər və xahiş etdilər ki, magistral yoldan Tircana ayrılan hissəyə diqqət yetirilsin, gənclərə ev tikmək üçün həyətyanı torpaq sahəsi verilməsinə daha həssas yanaşılsın. Maçaxılı Mahir Alməmmədov kəndlərində transformatorun aşağı gücdə olmasından və elektrik təsərrüfatının köhnəlməsindən şikayətləndi.
Su təminatının yaxşılaşdırılması, pay torpaqlarına bir vaxtlar edilmiş müdaxilələrin aradan qaldırılması, içməli suyun laborator müayinəsindən keçirilməsi, əlillik qrupunun verilməsi və sair məsələlər barədə RİH-nin başçısına müraciətlər oldu.
Yerdəki təşkilatlara aid olan məsələlər barədə başçı konkret tapşırıqlar verdi və icra vaxtı təyin etdi. Bəzi Nazirlik və Baş idarələrə məxsus problemlər barədə  aid ünvanlara müraciət ediləcəyini bildirdi.
Mirdaməd Sadıqov qəbula gələnlərə məsləhət bildi ki, pay torpaqlarını satmağa meyilli olmasınlar. Birləşib kooperativlər yaratmaqla daha çox, daha ucuz məhsul əldə etmək olar. Qüvvələr və torpaqlar, digər resurslar da bir araya gətirilməlidir ki, kənd təsərrüfatı istehsalı artsın. Vergilər verilməlidir ki, bələdiyyə də sosial problemlərin həlli üçün maliyyə imkanları əldə etsin.

Keçidlər