“Ənənəvi dindarlıq və radikalizm”mövzusunda tədbir
Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nəsimi Teymurov, Topçu tam orta kənd məktəbinin direktoru Xavər Allahverdiyeva, dini icma sədri Rəşid Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri icma sədri Rəşid Məmmədov açıb və dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolundan danışıb.Daha sonra DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Elnur Mehdiyev dini radikalizmin tarixi kökləri, onun yaranma səbəbləri və müasir durumu ilə bağlı çıxış edib. Nəsimi Teymurov dini radikalizm və ekstremizmlə mübarizə üsullarından danışıb. Daha sonra Xavər Allahverdiyeva tədbirin təşkilatçılarına təşəkkür edərək bildirib ki, keçirilən maarifləndirmə tədbirləri gənclərin dünyagörüşünün əhəmiyyətli dərəcədə formalaşmasına və onların dini radikalizmə qarşı maariflənməsinə xidmət edir.