İsmayıllı gəncləri dini radikalizmə qarşı
Tolerantlığı ilə fərqlənən İsmayıllı rayonunda radikal və qeyri ənənəvi dini təriqətlərə, cərəyanlara qarşı ardıcıl və sistemli mübarizə aparılır. Maarifçilik tədbirləri bu istiqamətdə daha əhəmiyyətli rol oynayır.
Rayon İcra Hakimiyyəti, Rayon gənclər və idman idarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə tədris mərkəzinin birgə təşkilatçılığı ilə Gənclərin yaradıcılıq mərkəzində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən geniş tərkibli konfrans belə tədbirlərin daha təsirlisi olub.
Konfransı rayon Gİİ-nin rəisi Taleh Salehov açıb. Sonra “Şəhadət” filmi nümayiş etdirilib. Nümayişdən sonra RİH başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nın şöbə müdiri Rəhim Rəhimli, Peşə tədris mərkəzinin direktoru Zaur Muradov, Ailə və Uşaqlara dəstək mərkəzinin psixoloqu Ülkər Məhərrəmova çıxış edərək, filmin dəyərləri, vətənpərvərlik tərbiyəsində oynadığı əvəzsiz rol barədə danışıb, radikal dini cərəyanlara qarşı mübarizə yollarını şərh ediblər. Hər bir təşkilatın bu mübarizədə dəqiq mövqeyini tanıdıblar. Kollecin direktoru Kəmalə Süleymanlı qeyd edib ki, “Şəhadət” filminə ilk dəfə baxdıqdan sonra qərara aldım ki, kollecin bütün pedaqoji və texniki heyəti, tələbələri bu filmə baxmalıdır. Rayon gənclər və idman idarəsinin və Peşə tədris mərkəzinin rəhbərliyi mənim təklifimi razılıqla qarşıladılar. Nəticə də odur ki, biz bu gün dövlət əhəmiyyətli bir filmə tamaşa etdik, radikal dini cərəyanlara qoşulanların acı taleyinin şahidi olduq, şəhidlik zirvəsinə ucalan vətən övladlarının valideynlərinin dərdi mərdliklə yaşadıqlarını, qürur duyduqlarını, fəxr etdiklərini yenidən gördük. “Şəhadət” filmi tərbiyə işi və mübarizə üçün ənənəvi islam təriqətinə mənsublara geniş fəaliyyət imkanları yaradır.
DTX rayon şöbəsinin və rayon polis şöbəsinin əməkdaşları çıxışlarını konkret faktlar əsasında qurdular və radikal dini cərəyan və təriqətlərə qoşulanların ailələrinə gətirdikləri bədbəxtliklərdən danışdılar. Qeyd etdilər ki, dövlət onun əleyhinə çıxmaq fikrinə düşənlərə qarşı qanunu bütün qüvvəsi ilə tətbiq edir. Maarifləndirmə tədbirlərindən yan keçənlər qanunun ciddi müqavimətinə rast gəlirlər. Belələri ilk növbədə ailələrinə, Vətənə, İslam dininə xəyanət etmiş olurlar.
Sonda canlı diskusiya gedib, suallara cavablar verilib.