Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı yeniləşir, gələcəyə addımlayır

01 sentyabr 2012 | 15:00

İsmayıllı rayonunda “İsmayıllı günü” keçiriləcəyi barədə məlumatı bir il əvvəl keçirilmiş “Təhsil bayramı” mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov elan etmişdi.
Tədbirin keçiriləcəyi günü səbirsizliklə gözləyən ismayıllılar avqust ayının 31-də böyük bayram şənliyinə toplaşmışdılar. Bayram tədbirində Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, onun rəhbərlik etdiyi nümayəndə heyəti, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabe, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Belarus Respublikasının Nesvij rayonundan, Latviya Respublikasının Amata bələdiyyəsindən gəlmiş qonaqlar, millət vəkili Novruzəli Aslanov və rayonumuzdan olan digər tanınmış şəxslər və ziyalılar iştirak edirdi.
Nümayəndə heyəti baxışı Qala divarları qarşısında, rayonun mərkəzinə doğru, təqribən bir kilometr məsafədə təşkil edilən tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin ayrı-ayrı bədii kollektivlərinin, rayondakı milli azlıqların folklor qruplarının çıxışlarını dinləməkdən başladılar.
İsmayıllı rayon Mərkəzi Kitabxanalar Sistemi işçiləri sərgiyə prezident İlham Əliyevin xüsusi sərəncamı ilə, latın qrafikasında, nəfis şəkildə çap olunmuş xeyli kitab gətirmişdilər. İsmayıllı yazarlarının çapdan çıxmış kitabları da bu bölmədə yer tutmuşdu. Qonaqlar yerli şairlərin qələmindən çıxmış şeirləri diqqətlə dinlədilər.
“Niyal” xalq çalğı alətləri ansamblının ifasında səslənən mahnı alqışlara səbəb oldu. Misgərlərin, xalçaçı və ipəkçi toxucuların əl işlərinin sərgisini, milli mətbəx nümunələri və bəzi yerli istehsal məhsullarından təşkil olunmuş sərgilərə baxış keçirildi.
Rayonun inkişafı ilə bağlı yeni layihələrdən ibarət lövhələrin qarşısında bir qədər daha çox vaxt keçirən qonaqlar İsmayıllının gələcəyi, müasirləşməsi ilə daha yaxından tanış olmaq məqsədi daşıyırdı. Rayondakı inkişaf infrastruktur sahələrində də öz əksini tapmalı olduğundan xidməti sahələr üzrə də yeniliklər barəsində qonaqlara lazımi məlumatlar verildi.
“İsmayıllı günü”nün rəsmi açılış mərasimi rayondakı Heydər Əliyev adına mədəniyyət mərkəzinin qarşısında reallaşdı.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov qonaqları və tədbir iştirakçılarını salamladı. Başçı keçirilən tədbirin əhəmiyyətindən danışdı. O, bir daha “Təhsil bayramı”nın “İsmayıllı günü” kimi, daha geniş şəkildə qeyd olunmasını İsmayıllıda ayrı-ayrı sahələrdə qazanılan uğurlara meydan verilməsi, bu uğur və nailiyyətlərin dəyərləndirilməsi kimi qiymət verdi.
Başçının giriş nitqindən sonra Mədəniyyət və Turizm nazirinin müavini N.Səmədov ictimaiyyətin iştirakı ilə xalq yaradıcılığının, milli adət və ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının və digər sahələrin beynəlxalq səviyyədə tanıdılması məqsədilə təşkil olunmuş tədbir İsmayıllı rayonu ilə yanaşı, qonşu rayonlarda da sənətkarlıq baxımından inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağını dedi.
Tədbirdə söz alan millət vəkili Novruzəli Aslanov “İsmayıllı günü”nün ümumrayon şənliyi kimi qeyd olunmasından hədsiz sevinc və qürur duyduğunu vurğuladı.
Millət vəkili N.Aslanov gənclərimizin təhsil uğurları üzərində xüsusilə dayandı. Bugünkü uğurların ölkəmizin sabahkı inkişafına, gələcəyinə verə biləcəyi töhfələrdən danışdı, bu il ali məktəblərə daxil olanları təbrik etdi, onlara təhsildə və həyatda müvəffəqiyyətlər arzuladı.
Ali məktəblərə qəbul zamanı 300-ə qədər bal toplayanların adlarını Anar Rəsulov və Bahar Abdullayeva elan etdilər.
Rusiyanın Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin keçirilən tədbiri yüksək qiymətləndirdi. O bildirdi ki, İsmayıllı rayonunda yaşayan ivanovkalıların İsmayıllının inkişafında önəmli yeri olmasından çox məmnundur. Ali məktəblərə qəbul olunanların sırasında xeyli ivanovkalı məzun vardır.
Söz Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabeyə verildi. İsmayıllıdakı bir sıra tədbirlərdə iştirak etmiş səfir bu toplantının möhtəşəmliyini bildirdi. Səfir Azərbaycan-Yaponiya dostluq münasibətlərindən söz açdı və İsmayıllı ilə İto şəhərləri arasındakı dostluq əlaqələrinin gerçəkləşməsinin son mərhələdə olmasını açıqladı. Hörmətli qonaq Azərbaycanda, onun İsmayıllı adlı bölgəsində təhsilə, mədəniyyətə və sənətkarlığa göstərilən diqqət və qayğıdan məmnunluq duyduğunu ifadə etdi.
Respublikanın Əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğluya söz verildi. İsmayıllıda keçirilən tədbirlərdə heç vaxt bugünkü qədər fərəh hissi yaşamadığını söyləyən həmyerlimiz qazanılan uğurların həqiqətən də ürəkaçan olduğunu dilə gətirdi.
Bu arada qəbul imtahanlarında 300-400 arasında bal toplamış, tələbə adını qazanmış məzunlarımızın adını Ramid Qasımov tədbir iştirakçılarına çatdırdı.
Belarus Respublikasından gəlmiş qonaqların adından İsmayıllı rayonu ilə qardaşlaşmış Nesvij rayon Xalq Deputatları Sovetinin sədri Valeriy Lazyuk ürək sözlərini söylədi və nümayəndə heyətinin “Təhsil bayramı”ndan “İsmayıllı günü”nə keçidin müvəffəqiyyətə doğru daha bir addım olmasını söylədi.
Latviya Respublikasından gəlmiş nümayəndə heyətinin adından Amata bələdiyyəsinin icraçı direktorunun müavini Arvirds Lukyanovs danışdı. Dəvət üçün təşəkkürünü bildirən qonaq İsmayıllı bələdiyyəsi ilə Amata bələdiyyəsi arasında əməkdaşlıq əlaqələrinə toxundu və bu istiqamətdə görülən işlərin faydalı olacağını əminliklə qeyd etdi.
Tribunaya 2011-2012-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev dəvət alır. Müəllim yaxşı adını qazanmaqla yanaşı yaxşı şagird, gələcəyin yaxşı vətəndaşını hazırlayan şəxs olduğunu bir an belə unutmamalıdır
Ali məktəblərə qəbul olunan məzunların valideynləri adından çıxış üçün söz Mehman Abbasova verildi. O bildirdi ki, övladları ali məktəblərə qəbul olunanlarla yanaşı bu gün İsmayıllıda yaşayan hər kəs Bayram sevinci içərisindədir.
Və nəhayət...
Rayonumuzun təhsil şərəfini öz fədakarlıqları ilə daha da ucaldan, 600-dən yuxarı bal toplamış 11 nəfər məzunumuz alqışlarla tək-tək səhnəyə dəvət olunur.
Söz A. Aslanov adına şəhər 2 saylı tam orta məktəbinin məzunu Zeynəb Mahmudovaya verilir.
Qaliblərə RİH başçısı Nizami Ələkbərovun, millət vəkili Novruzəli Aslanovun, həmyerlimiz, iş adamı Famil Bağıyevin adından qiymətli hədiyyələr təqdim edilir. Alqışlarla müşaiyət olunan təqdimetmə anları tədbirdə iştirak edənlərə qürur, eləcə də sevinc bəxş edir.
Həmyerlimiz, hakim İlyas Mahmudov ənənəsinə sadiq qalaraq bu bayramda da təhsildə yüksək nəticələr əldə etmiş məzunlardan birinə hədiyyə təqdim etdi.
2012-ci il İsmayıllı üçün təltif baxımından da uğurlu olmuşdur. Cari ildə Respublika prezidenti İlham Əliyevin sərəncamı ilə rayondakı üç müəssisənin rəhbəri – 10 saylı Yol İstismar Sahəsinin rəisi Məhəmməd Musayev, Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov və Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka inzibati ərazi daiəsi üzrə nümayəndəsi Olqa Jabina isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüşdür.
Daha sonra 2011-2012-ci tədris ilində “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində qalib olan məktəblərin – şəhər 2 saylı, Qubaxəlilli və Tircan kənd tam orta məktəblərinin direktorları - Ramil Dadaşov, Ramiz Mustafayev və İlqar Gərayev səhnəyə dəvət olundular.
“Ən yaxşı müəllim” müsabiqəsində rayonumuzun şərəfini yüksəldən şəhər 1 saylı tam orta məktəbinin müəllimi Pərvanə Piriyeva, Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev və Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev də qaliblər kimi səhnəyə çıxdılar. Adları çəkilənlər göstərdikləri yüksək nəticəyə görə İsmayıllı rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olundular.
Müstəqillik illərində İsmayıllı təhsili dinamik şəkildə inkişaf etmişdir. Son tədris ilində şəhər 5 saylı tam orta məktəbinin şagirdi Badam Bədəlovanın və Təzəkənd kənd tam orta məktəbinin məzunu Mənsur Şahlarlının Respublikanın Təhsil Nazirliyi tərəfindən Qızıl medala layiq görülməsi bunun əyani və sevindirici nümunəsidir. Bütün bunlardan sonra tədbirin aparıcısı sözü Rəşid Behbudov adına Mahnı teatrının kollektivinə verdi.
Ətrafa qaranlıq çöksə də, bayram konserti şərəfinə hazırlanmış səhnənin oynaq işıqları ətrafa yayılaraq yaşanan əhval-ruhiyyəni daha da rəngarəng etməkdə idi. “İsmayıllı günü”nün bədii hissəsinin aparıcıları səhnədə göründülər. Onlar İsmayılının şəninə yazılmış, onun gözəlliklərini vəsf edən bir neçə şeir parçası səsləndirdikdən sonra sözü Əməkdar artist Gülyanaq Məmmədovaya verdilər. Mahnıdan-mahnıya alqış sədaları artmaqda idi. Daha sonra bir birinin ardınca səhnəyə Əməkdar artistlər - Lalə Məmmədova, Elza Seyidcahan, Mahnı Teatrının solisti Firuzə Quliyeva, Vaqif Şıxəliyev çıxdılar. İfaları alqışlarla qarşılanan müğənnilər oxuduqca teatrın qızlardan ibarət rəqs qrupu oynaq musiqi sədaları altında, səhnə önündəki meydanda əlvan kəpənəklər kimi süzürdülər.
Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifasında dueti tamaşaçılar şövqlə qarşıladılar. Əməyi “Tərəqqi” medalına layiq görülmüş müğənni Sahibə Abdullayevanın səhnədəki çıxışı ismayıllıların bayram sevincinə xüsusi dad qatdı.
“Yaşa Azərbaycan!” mahnısını ifa etmək üçün Xalq artisti Bilal Əliyev səhnəyə gəldi. Mahnının yekunlaşdığı ərəfədə “İsmayıllı günü” şərəfinə rayonun səmasını atəşfəşanlıq fişənglərinin əlvan rəngləri işıqlandırıb yaddaşlara həkk etdi.
 

Keçidlər