Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə zona yarışı
19 oktyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb liseydə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirilmişdir. İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov tədbiri açıq elan etmiş və qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hisslərinin aşılanmasına və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət kəsb edir.Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar diləmişlər Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yarışda Ağsu, Ağdaş, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı komandaları iştirak etmişlər. Yarışın yekununa əsasən İsmayıllı komandası I, Qax komandası II, Oğuz komandası isə III yerə layiq görülmüşlər.Sonda yertutan komandalara Gənclər və İdman Nazirliyinin diplomları verilmişdir. Məlumat üçün qeyd edək ki, I, II, III yerin qalibləri Xaçmaz şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanmışlar.