17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Bu əlamətdar gün münasibətilə bütün tibb işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.
Bu gün İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi və kollektivi ilə birlikdə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə gül dəstələri qoyduq.
Tədbir çərçivəsində səhiyyə sahəsində səmərəli fəaliyyəti və xidməti zamanı fərqlənən bir qrup tibb işçisi fəxri fərmanlarla təltif edildi.
Azərbaycan səhiyyəsi hazırda özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki paytaxt Bakıda, eləcə də regionlarda müasir tibb mərkəzləri yaradılır, mövcud tibb müəssisələri yenidən qurularaq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyə sahəsinə ayrılan vəsait ildən-ilə artırılır. Bu isə tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılmasına, əhaliyə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsinə yüksəldilməsinə geniş imkanlar yaradır.
Bir daha bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edir, insan sağlamlığının keşiyində dayanan bu müqəddəs və məsuliyyətli peşədə hər birinizə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun, əziz tibb işçiləri!






