Qubaxəlilli kəndində kooperasiyaların yaradılması, sığorta işinin təbliği və kənd təsərrüfatı məsələlərinə həsr olunmuş tədbir keçirilib.
15 fevral 2018-ci il tarixdə Qubaxəlilli kəndində kooperasiyaların yaradılması, sığorta işinin təbliği və kənd təsərrüfatı işlərinin gedişi, mineral gübrələrə olan tələbatın ödənilməsi və taxıl sahələrində yanğın hadisələrinin ehtimalının minimuma endirilməsi ilə əlaqədar fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları və ictimaiətin nümayəndələri ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH-nin nümayəndəsi Ş.Hüseynov bildirib ki, “Kənd təsərrüfatı kooperasiyası” haqqında yeni qanunun məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
Tədbirdə kooperasiyanın yaradılması ilə əlaqədar qanunvericilik bazasının formalaşdığı qeyd olunmuş, onun üstünlükləri və kənd təsərrüfatının inkişafı istiqamətində verəcəyi səmərə barəsində ətraflı müzakirələr aparılıb. Eləcə də sənədləşmə işinin aparılması qaydası ətraflı izah olunub.
Fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili və bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən,eləcə də sığortalanmanın mexanizmi, qaydaları haqqında Paşa Məmmədov geniş məlumat verib.
Tədbirdə kənd təsərrüfatı işlərinin gedişi, hal-hazırda aparılması vacib olan aqrotexniki əməliyyatların həyata keçirilməsi və gələcəkdə baş verə biləcək yanğın hadisələrinin ehtimalının minimuma endirilməsi istiqamətlərində müzakirələr davam etdirilib.
Tədbir iştirakcıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.