İsmayıllı RİH başçısı Qubaxəlilli kəndində görüş-qəbul keçirib
1928-ci ildə Respublikamızda ilk olaraq Qubaxəlillidə yaradılan sovxoz uzun illər heyvandarlıq və taxılçılıq sahəsində rayonun flaqman təsərrüfatı olub. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində təsərrüfat geriləmiş, islahatdan sonra sakinlər fiziki şəxs kimi fəaliyyətdə çətinlik çəkiblər. İndi isə mənzərə tamamilə dəyişib. Taxılçılıqda daha yüksək nəticələr qazanılır.
Böyük maraq və həvəslə görüş-qəbula gələn Qubaxəlilli kənd sakinləri qarşısında çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun qeyd olunanlar barədə ətraflı danışıb və bildirib ki, Qubaxəlillinin 5 min hektara yaxın əkin sahəsi var. Bundan səmərəli istifadə olunarsa, böyük bir rayonun ərzaq ehtiyacını ödəmək olar. Bunun üçün Aqroparkın yaradılması, torpaqların artan ailələr arasında yox, istehsal olunan məhsulun bölünməsi, iş adamlarını cəlb etməklə istehsal-emal müəssisəsi tikmək, suvarılan torpaqların həcmini artırmaq vacib olan məsələlərdəndir.
Taxıl istehsalına, hektarın məhsuldarlığının artırılmasına xüsusi diqqətlə yanaşılmalı, ərazinin iqliminə uyğun intensiv bağlar salınmalıdır. Qubaxəlilli heyvandarlıqdakı keçmiş şöhrətini yenidən qaytara bilər. Müasir dövrdə bunun üçün hər cür şərait var.
Digər sahələrdən, məsələlər və problemlərdən mövcud duruma tam bələdliklə danışan Mirdaməd Sadıqov diqqət və səmimiyyətlə sözü, təklifi, arzusu olan işləmək həvəsli görüş-qəbul iştirakçılarını dinləyib.
Sakinlər Girdiman çayından içməli su çəkilməsinə, 20 ədəd elektrik dirəyinin dəyişdirilməsi və xətlərin təmirinə, kəndarası küçələrin abadlaşdırılmasına, xəstəxananın təmirinə, kənddə kanalizasiya şəbəkəsinin qurulmasına, uşaq bağçasının açılmasına köməklik göstərməyi xahiş ediblər. Bu məsələlərin həlli məqsədilə aid xidmət təşkilatlarına təkliflər vermək tapşırılıb.
Bir vaxtlar Qubaxəlillidə qəbul keçirilərkən ancaq fərdi xahişlər, tələblər eşidilərdi. İndi hər şey obyektiv idi, xahişlər ictimai xarakter daşıyırdı. Böyük ruh yüksəkliyi hiss olunurdu. Qubaxəlillidə RİH başçısının keçirdiyi görüş-qəbul bir daha göstərdi ki, İsmayıllı son illər daha yüksək səviyyədə inkişaf edir, dövlət qayğısı hər bir ünvana vaxtında çatdırılır.