Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda soyqırımın 100 illiyi qeyd edilib

29 mart 2018 | 16:00

İndiki İsmayıllı rayonunun keçmişdə Şamaxı qəzasına daxil olan kəndlərində fövqəladə komissiya təhqiqat aparıb və müəyyən edib ki, 12 kənddə - Tircan, Mücü, Sulut, Zeyvə, Tağlabiyan, Xankəndi, Kürdüvan, Qıçatan, Maçaxı, Bizlan, Sərdahar və Zərnava kəndlərində Mart 1918-ci il soyqırımı zamanı 1010 nəfər qətlə yetirilib. Tarixi düşmənlərimiz olan ermənilərin Lahıca hücum edəcəyini bilən bu yerin silah ustaları “Zanburo” (vur getsin) adlı top düzəldib. Bircə mərminin doğurduğu vahimə erməniləri geri qaytarıb.
Qeyd edilməlidir ki, rayonun o zaman Göyçay və Nuxa qəzalarına daxil olan hissəsində fövqəladə komissiya təhqiqat apara bilməyib. O səbəbdən də həmin yerlərdə ermənilərin vəhşiliklərini, qaniçənliyini əks etdirən rəqəmlər ortaya qoyulmayıb.
Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi haqqında” verdiyi sərəncama uyğun olaraq keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində  bunlardan ətraflı danışılıb.
Əvvəlcə 31 mart soyqırımı zamanı, sonrakı müharibə və münaqişələr zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədovanın, uşaqlara və ailələrə dəstək mərkəzinin direktoru, jurnalist Lətifə Əliyevanın  və Təzəkənd  tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimovun çıxışları dinlənilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövzuya dair geniş nitq söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı hər bir azərbaycanlını tarixi dərindən öyrənməyə, yaddaşını möhkəmləndirməyə, düşməni yaxşı tanımağa, tolerantlığı güzəştli mövqeyə çevirməməyə, Vətəni bütün varlığı ilə sevməyə, keçmişdə və indi baş verən hadisələrə, milli mənafeyimizə zidd olan hallara düzgün yanaşmağa sövq edir. Tariximizin bütün mərhələlərində baş verən soyqırımı hadisələrinə, müharibə və münaqişələrə vətəndaş məsuliyyəti ilə yanaşılmalıdır. KİV-lər, xüsusilə  internet və elektron KİV-lər, televiziya kanalları, ümumtəhsil məktəbləri müharibə şəraitində yaşadıqlarını dərindən dərk etməli, fəaliyyətlərini bu tələblər əsasında qurmalıdır. Bütün maddi və mənəvi resurslar, tarixçilərin elmi potensialları azərbaycanlılara qarşı törədilən soyqırımlarının öyrənilməsinə, obyektiv təhlilinə və Beynəlxalq miqyasda tanıdılmasına yönəldilməlidir.

“Heydər Əliyev idarəetmə məktəbi”nin soyqırımın 100 illiyinə həsr olunmuş məşğələsi həqiqətən də hər bir iştirakçı üçün vətənpərvərlik dərsi olub.

Keçidlər