Şriftin ölçüsü :

Saytın rəngi :

Qədirbilən İsmayıllılar şəhidlərini unutmur.

07 aprel 2018 | 16:00

Son illər İsmayıllıda insan amili önə çəkilir. Rayonda keçirilən tədbirlər əsasən elm və mədəniyyət xadimlərinə, şair və yazıçılara, vətən uğrunda şəhid olan mübariz oğullara həsr olunur. Belə tədbirlərin keçirilməsi ənənə halını daşıyır. İnsanlara qayğı və diqqətin nəticəsidir ki, rayonda mənəvi və ictimai-siyasi  mühit gündən – günə saflaşır.
Bu günlərdə keçirilən tədbirlər milli ruha, vətənpərvərlik tərbiyəsinə köklənmişdir. Aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş kitabın təqdimatı belə tədbirlərdən biri kimi yadda qalan oldu.
Son iki ildə qəhrəman şəhidimizin qəbri ziyarət olunur, onun valideyinləri ilə görüşlər keçirilir və xatirəsinin əbədiləşməsi üçün tədbirlər həyata keçirilir. Rayon rəhbərliyinin təşəbbüsü və təklifi ilə yaxın zamanlarda İsmayıllıda şəhidlər muzeyi yaradılacaqdır. İsmayıllıdan olna 144 şəhidin döyüş yolu bu muzeydə işıqlandırılacaqdır. Aprelin 9-da Mikayıl Vahabzadənin şəhid olmasının ildönümü doğulduğu Maçaxı kəndində qeyd olunacaqdır.
Vətən yolunda canını qurban verənlərə həsr olunmuş tədbirlərdən biri də bu gün reallaşıb.
         7 aprel 2018 –ci il tarixdə  İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Rüstəmov Cəlal Abdulhəkim oğluna Rəna Mirzəliyevanın həsr etdiyi  "Atam mənə oğul deyib " adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdən öncə  şəhidin adına ucaldılmış xatirə-bulaq kompleksi ziyarət olunub və abidənin önünə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayon ictimaiyyəti adından əklil qoyulub.
       Daha sonra  tədbir Uşaq Yaradıcılıq və İnkişaf mərkəzində davam etdirilib. Vətənpərvərlik  ruhunda tərtib olunmuş  zalda 350 -dən çox iştirakçı toplaşıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə və ədliyyə orqan işçilərinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, tələbə və şagirdlər, o cümlədən şəhidin ailə üzvləri, qohumları iştirak ediblər.
      Təqdimat mərasimində   vətən uğrunda şəhid olanların  ruhu bir dəqiqəlik sükutla yad edilib.
Müəllif və tədbirin aparıcısı Rəna Mirzəliyeva Cəlalın keçdiyi döyüş yolu haqqında məlumat verib və slaydlar nümayiş olunub.  Çıxış edən dövlət qulluğu veteranı Valeh Salehov, teleoperator Seyidağa Mövsümov, komandiri və  kəşfiyyat qrupunun komandiri Ramiz Alışarlı, döyüşçü yoldaşı Nizami Abbas və sinif yoldaşı Tahir Hüseynov, şəhidin ailə üzvlərindən bacısı Xoşqədəm Rüstəmova Cəlal haqqında öz xatirələrini və ürək sözlərini söyləyiblər.
        Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının tarixən vətənpərvərlər  və qəhrəmanlar yurdu olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərinin şəhid və Qarabağ ailələrinə göstərdiyi  diqqət və qayğıdan söz açıb. Rayonda son vaxtlar keçirilən tədbirlərin  gənclərin vətənpərvərlik tərbiyəsindəki rolunu xüsusi qeyd edib. Ali baş komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın tezliklə geri alınacağını vurğulayıb. Rayon rəhbəri bu cür silsilə tədbirlərin davamlılığını tövsiyə edib.
       Tədbirdə Təzəkənd kənd , şəhər 5 saylı və şəhər 6 saylı tam orta məktəb şagirdlərinin yadda qalan  çıxışları  olub. Əzəmətli şəkildə salona Azərbaycan bayrağı gətirilib və  mübarizə ruhlu mahnılar səsləndirilib.

Keçidlər