İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı kəndində görüş-qəbulu
Yeni Azərbaycan Partiyasının, əslində Azərbaycanın Prezidentliyə ümumxalq namizədi olan cənab İlham Əliyevin 11 aprel seçkilərində qazandığı mütləq qələbənin sevinci ölkəmizin hər yerində, o cümlədən İsmayıllıda da əsil bayram səviyyəsində yaşanır. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Kürdmaşı kəndinə əhali ilə görüş-qəbula belə bir gündə gəlmişdi. Burada həmişəkindən fərqli mütəşəkkillik vardı. Sanki hamı sevincini rayon rəhbərliyi və bir-biri ilə bölüşmək üçün tam orta məktəbin qarşısına toplaşmışdı.
Görüş-qəbulu giriş nitqi ilə açan Mirdaməd Sadıqov iştirakçıları seçkinin nəticələri münasibətilə təbrik edib, bildirib ki, Azərbaycan xalqı davamlı inkişafa, sabitliyə, daha təhlükəsiz həyata, Azərbaycan torpaqlarının bütövləşməsinə, Qarabağ müharibəsində qazanılacaq Qələbəyə səs verib. Sevindirici haldır ki, bu səsvermədə Kürdmaşı seçiciləri də əsil vətəndaşlıq mövqeyi, Vətənə sədaqət nümayiş etdiriblər.
Daha sonra RİH-nin başçısı deyib ki, ərazidə yaradılan Aqrokompleksin, 3000 tonluq soyuducu-anbarın istifadəyə verilməsi kəndin sosial-iqtisadi inkişafını sürətləndirir, yeni iş yerlərinin sayını artırır. Əhalinin həyat şəraitinin daha da yaxşılaşdılrılması, aqrar sahənin inkişafı üçün özəl fəaliyyətin səmərəli təşkilinə, ABAD xidmətdən yararlanmağa, bələdiyyənin, inzibati ərazi dairəsi üzrə nümayəndənin fəallaşmasına daha çox ehtiyac olduğunu da RİH-nin başçısı qeyd edib.
Sözü, təklifi, istək və arzusu olan hər bir kəs diqqətlə dinlənilib. Kürdmaşı kənd ağsaqqallar şurasının sədri Yunus Məmmədov ilk olaraq çıxış edib, Qaraməryəm-İsmayıllı yolunun çəkilişi, kəndin su probleminin 70 faiz həll edilməsi və aqrar istehsal müəssisələrinin yaradılmasına görə ölkə Prezidentinə əhali adından minnətdarlıq edib. Xahişi də o olub ki, yeni bir artezian quyusunun qazılmasına köməklik göstərilsin. Görüş-qəbulda mərkəzi küçədə işıqlandırma sisteminin quraşdırılması, uşaq bağçası açılması, kəndarası yolların düzəldilməsi barədə xahişlər də səsləndirilib. Bir sıra sosial təminat və təchizat məsələlərində yardımçı olmaq arzusu ilə çıxış edən iştirakçılar da diqqətlə dinlənilib. Hər bir məsələyə dair aid təşkilatlara tapşırıq verilib.