Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Soltankənd kəndi və “Qarabağ” qəsəbəsində qaçqınlar və məcburi köçkünlərlə görüş

20 aprel 2018 | 16:00

Məcburi köçkünlərin və daimi məskunlaşmasına baxmayaraq qaçqınların mənzil və həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması dövlətimizin daimi diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin vaxtilə dediyi kimi, cənab Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemini özünün bir nömrəli problemi hesab edir.
İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi dövlət siyasətinin bu vacib istiqamətinin bölgə ərazisində icrası üçün ardıcıl tədbirlər həyata keçirir, müntəzəm yerlərdə olur, qaçqın və məcburi köçkün  soydaşlarımızla görüşür, qaldırılan məsələlərin həllini təmin edir.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Soltankənd kəndinə və “Qarabağ” qəsəbəsinə getməsi, məlum kontingentlə yenidən görüşməsi də məhz bu məqsəddən irəli gəlirdi.
Soltankənd İnzibati Ərazi Dairəsində
Seçkidən sonrakı ümumxalq bayramı sevincini yaşayan ərazi dairəsinin sakinləri tam orta məktəbin iclas zalına toplaşmışdılar. Görüşü giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ictimai fəallıqlarına, Prezident seçkilərində göstərdikləri mütəşəkkilliyə, rayonun ictimai-siyasi mühitində əhəmiyyətli rol oynadıqlarına görə daimi məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımıza təşəkkürünü bildirib. Daha sonra Respublikanın, rayonun sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərdən, balanslaşdırılmış xarici siyasətin nəticəsi olaraq ölkədə mövcud olan sabit, təhlükəsiz və təminatlı həyat şəraitindən danışıb. Kənd təsərrüfatı sahəsində fiziki şəxs kimi özəl fəaliyyətlə məşğul olmaq istəyənlərə iqtisadi və hüquqi yollar göstərib.
İştirakçılar enerji təchizatı, kəndarası yolların düzəldilməsi, torpağa və əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər alınmasına və əhalinin suvarma suyu ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı təkliflərini bildiriblər.
Görüşdə iştirak edən hər bir məsul şəxsə aid məsələnin icrası ilə bağlı konkret tapşırıq verilib.
Həmişə olduğu kimi, səmimi, işgüzar şəraitdə keçən görüş qarşıdakı vəzifələrin icrası üçün yeni stimul olub.
“Qarabağ” qəsəbəsində məcburi köçkünlərlə görüş
Dövlətimizin qayğısının yeni təzahürü olaraq təhsil müəssisələrində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün şəhərin perspektiv inkişaf fondu ərazisində 45 fərdi ev tikilib. Qəsəbədə məktəb və tibb məntəqəsi də inşa olunub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun müxtəlif rayonlardan olan məcburi köçkünlərlə görüşü məktəbin foyesində keçirilirdi.
Görüşü giriş nitqi ilə açan Mirdaməd Sadıqov ilk növbədə iştirakçıları salamlayıb, cənab Prezidentin timsalında seçkilərdə qazanılan ümumxalq qələbəsi münasibətilə onları təbrik edib. Daha sonra ölkə rəhbərinin, dövlətimizin ordu quruculuğu siyasətinin yüksək nəticələrindən, məcburi köçkünlərin həyat şəraitinin və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərdən danışıb. Başçı qeyd edib ki, cənab Prezident İlham Əliyevin hər bir məmurun xalqın xidmətçisi olmaq  tapşırığı İsmayıllıda məsuliyyətlə yerinə yetirilir. Buraya avtobus marşrutu açılması, telefon çəkilməsi, dayanıqlı elektrik enerjisi verilməsi və sizinlə bu gün həmsöhbət olmağımız bu məsuliyyətdən irəli gəlir. Sizin hər bir probleminiz bizimlə birgə həll olunmalı, hər bir qayğınız RİH ilə birgə aid təşkilatlar tərəfindən çəkilməlidir.
Ağdam RİH-nin İsmayıllı rayonu üzrə nümayəndəsi, məktəb direktoru Zahid Namazov diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq edib, RİH-nin başçısı Mirdaməd Sadıqova təşəkkürünü bildirib. Deyib ki, biz köçkünlərin yalnız bir problemi var – işğal olunmuş torpaqların qaytarılması. Tam ümidliyik ki, cənab İlham Əliyevin Prezidentliyi dönəmində bu problem də öz həllini tapacaq.
Görüş iştirakçılarından Pəncəli Həsənov və Bakir Həsənquliyev enerji təchizatının daha da yaxşılaşdırılmasını, Əyyub Əhmədov Enişdibi kəndinə gedən yolun qısa bir hissəsinə çınqıl döşənməsini,  Qalib Məcnunov Tircan ferması ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin evlərinə qaz çəkilməsini xahiş edib. İcrası rayonun imkanları və səlahiyyəti daxilində olan məsələlər barədə tapşırıqlar verilib.
Əvvəlkilərdən çox-çox fərqli vəziyyətdə, səmimi şəraitdə keçən görüşdə narazılıqlar yox, edilənlər üçün ölkə rəhbərliyinin ünvanına minnətdarlıq, yerli məsul işçilərə təşəkkür eşidilib.

Keçidlər