İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Mollaisaqlıda sakinlərlə görüş-qəbulu
Qədimliyi, yeraltı abidələri ilə Azərbaycan tarixində xüsusi yeri olan Mollaisaqlı kəndi rayonun ümumi inkişafında da fərqli mövqe tutur. Sakinlər kənd təsərrüfatının, xüsusilə taxılçılığın, üzümçülüyün, heyvandarlığın intensiv inkişafında göstərdikləri fəallıqla bu mövqeyi daha da möhkəmləndirirlər.
Bu günlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Mollaisaqlıda keçirdiyi görüş-qəbulda da bu işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edilib.
Ağsaqqalların, ziyalıların, əmək veteranlarının, daha çox gənclərin toplaşdığı tədbiri giriş nitqi ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açıb. İlk növbədə cənab İlham Əliyevin timsalında Azərbaycanın daha xoşbəxt gələcəyinə, firavan həyatına, təhlükəsizliyi və sabitliyinə, sürətli inkişafına, torpaqlarımızın bütövləşəcəyinə, müstəqilliyimizin əbədiliyinə, dövlətimizin yenilməzliyinə yekdilliklə səs verdiklərinə görə iştirakçılara təşəkkürünü bildirib. O, daha sonra cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında qarşıya qoyulmuş möhtəşəm vəzifələrdən, bölgə ərazisində onların icrası üçün hazırlığına başlanmış fəaliyyət proqramından danışıb. Kəndin mövcud təsərrüfat fəaliyyətinin müasir durumununu təhlil edib, növbəti layihələr barədə məlumat verib.
Uzun illər təsərrüfata rəhbərlik etmiş əmək veteranı Baba Babayev bu günkü Azərbaycana, İsmayıllıya, Mollaisaqlıya görə dövlət başçısına minnətdarlığını bildirib. İştirakçıların fikirlərini ifadə edərək kəndə göstərdiyi diqqətə, hərtərəfli dəstəyə görə rayon rəhbərliyinə təşəkkür edən B.Babayev bir sıra məsələləri də diqqətə çatdırıb. İcməli su təchizatını daha da yaxşılaşdırmaq üçün bir artezian quyu qazılmasına, yararsız hala düşmüş bir neçə elektrik dirəyinin dəyişdirilməsinə, su anbarının və folklor evinin təmirinə, tibb məntəqəsinin tikilməsinə köməklik göstərməyi xahiş edib. İldırım Məsimov diqqətə çatdırıb ki, İsmayıllı-Mollaisaqlı magistral yolundakı nəqliyyatın təhlükəsizliyini təmin edən xətlər və yol işarələri bərpa edilməlidir.
Kənddə həyat səviyyəsinin yüksəlməsinin nəticəsidir ki, şəxsi narazılıq və şikayət xarakterli çıxışlar görüş-qəbulda səslənməyib. Deyilən təkliflər, qaldırılan məsələlər çoxluğun maraqlarından irəli gəlib.
RİH-nin başçısı Mirdaməd Sadıqov verilən təklif və qaldırılan məsələlərin miqyasına uyğun olaraq icra ünvanlarını müəyyənləşdirib və müvafiq tapşırıqlar verib.