Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğından mühafizə

26 iyun 2013 | 15:00

Kütləvi informasiya vasitələrində tez-tez rastlaşdığımız məsələlərdən biri meşələrdə, əkin sahələrində yanğın  hadisələrinin baş verməsi xəbərləridir. Söz yox ki, yanğınların qarşısının alınması üçün maarifləndirmə tədbirləri mütəmadi şəkildə aparılır, lakin yanğın hadisələri müəyyən hallarda yenə də baş verir.
25 iyunda Heydər Əliyev Mərkəzində fövqəladə halların  baş verməsinin qarşısının alınması ilə bağlı toplantı keçirilib. Toplantıda İsmayıllı rayon İcra Hakimiyyəti  başçısının müavini Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Şöbəsinin əməkdaşları, yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
FHN-nin Şimal-Qərb Regional Şöbəsinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov yay mövsümündə əkin və meşə sahələrində, istirahət zonalarında yanğın təhlükəsizliyinin təmin edilməsində təbliğatın rolu haqqında danışıb. İsmayıllı meşələrinin zəngin olduğunu diqqətə çatdıran əməkdaş, onları yanğından mühafizə etməyin vacibliyini vurğulayıb. Eyni zamanda bildirib ki, Prezidentin qərarına uyğun olaraq hər bir regionda yaşıllaşdırma işləri aparılır və bunun üçün də yaşıllıq zolaqlarının mühafizəsinə ciddi şəkildə hazır olmaq lazımdır. Natiq bu məqsədlə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Biçin mövsümünün olduğunu xüsusi vurğulayan Q.Əzizov, yanğının baş vermə səbəblərindən və qarşısının alınması yollarından ətraflı söhbət açıb. O həmçinin tədbirin təşkilinə görə İsmayıllı rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
FHN-nin Şimal-Qərb Regional Şöbəsinin ərazi orqanları ilə iş böləsinin əməkdaşı, baş zabit Rövşən Məmmədov, mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Eldəniz Mehdiyev, Şimal-Qərb Regional DYNİ-nin böyük inspektoru Mehman Məhərrəmov FHN-nin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən və işdə üzləşdikləri  problemlərdən danışıblar.
Çıxışlardan sonra dinləyicilər məsələ ilə bağlı fikirlərini səsləndiriblər.
RİH başçısının birinci müavini Rövşən Ağayev və Aqrar məsələlər üzrə müavin Həsən Həsənov yeli icra nümayəndələri və bələdiyyə sədrlərinə lazımi tapşırıqlar veriblər.

Keçidlər