Qalacıq kəndində Ulu Öndərin 95 illik yubileyi qeyd olunub
4 may 2018-ci il tarixdə İsmayıllı rayonunun Qalacıq kəndində Ümummilli Lider, Heydər Əliyevin 95 illik yubileynə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, RİH-in Qalacıq üzrə İƏD nümayəndəliyinin əməkdaşları, Bələdiyyə və kənd Sənətkarlıq klubunun əməkdaşları, məktəb kollektivi, məktəblilər və kənd sakinləri iştirak edib.
Əvvəlcə iştirakçılar Ulu Öndərin mənalı həyat yolunu və siyasi fəaliyyətini əks etdirən guşəyə, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Ardınca məktəbin akt zalında təşkil olunmuş tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.
Məktəbin direktoru Rusan Qasımov Ulu Öndərin həyat yolu və ictimai-siyasi fəaliyyətindən danışıb. Heydər Əliyevin nəsillərə örnək olan şərəfli ömür yolundan, milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən söhbət açıb, dahi şəxsiyyətin ölkəmizin siyasi və iqtisadi tərəqqisində, ictimai həyatımızın bütün sahələrində müstəsna rolunu qeyd edib, milli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik təmin olunmuş, respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın inkişafı üçün münbit şərait yaradılmışdır. Bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyası, dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini vermişdir. XX əsrin ən böyük layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq yalnız bölgə üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.
İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov çıxışında dahi rəhbərin Azərbaycan tarixində, xüsusilə də təhsilimizin tarixində gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, Bu gün Heydər Əliyev milli dövlətçilik ideyalarının uğurla həyata keçirilməsi, genişmiqyaslı quruculuq işləri, uğurlu xarici siyasət respublikamızı regionun lider dövlətinə çevirib, Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişaf sürətinə nail olub.
Daha sonra İsmayıllı RTŞ-nın metodistləri Sədəf Mikayılova, Rəna Mirzəliyeva, təqaüdçü müəllim Əjdər Şirinov çıxış edərək dövlətçiliyimizin inkişafında ümummilli liderimizin fədakar əməyindən bəhs edərək, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonda məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompazisiya nümayiş etdirilib.