Bir gündə iki kənddə qəbul
Kürdeldarbəylidə
25 iyun saat 1630-da Kürdeldarbəyli kəndi rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti qəbul-görüşü üçün məkan idi. Yeni məktəbin iclas zalına toplaşan kənd sakinlərini Mirdaməd müəllim səmimiyyətlə salamladı. Hər kəsdən onu narahat edən problemi, arzu və təklifini soruşdu. Hər bir kənddə sakinlərin məşğulluğunun artırılması, iş yerlərinin açılması üçün həyata keçirilən tədbirlərdən danışdı.
“Azərsu” tərəfindən artezian quyusunun qazılmasına görə qəbul-görüşə gələnlər təşəkkürlərini bildirdilər və xahiş etdilər ki, anbar tikilsin. Su-kanal İdarəsinin müdirinə bu işin icrası üçün RİH-nin başçısı bir ay vaxt verdi. Bələdiyyə sədri və icra nümayəndəsinə tapşırdı ki, yeni tibb məntəqəsi tikintisi üçün layihə təqdim etsinlər. Layihənin həyata keçirilməsi isə tezliklə başa gələcək.
Əsas şikayət ondan oldu ki, 2005-ci ildə gəlib müqavilə yolu ilə pay torpaqlarını aldılar, üzümlük saldılar, bundan sonra isə kəndi tərk etdilər. İndi nə iş yeri var, nə də torpaqlardan istifadə edilir. RİH başçısının müavini H.Həsənova və hüquq şöbəsinin müdiri V.Hüseynova məsələni araşdırmaq, nəticə barədə torpaq payçılarına məlumat vermək tapşırıldı.
Xidmət təşkilatlarının rəhbərləri aid məsələlərlə yerindəcə məşğul oldular.
Gideylidə
İşgüzar, əməksevər Gideyli sakinləri şikayətlənməyi sevmirlər, həyat fəaliyyətində daha çox özlərinə güvənirlər. Lakin elə məsələlər var ki, onların həllinə icra strukturları yardımçı olmalıdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qaldırılan məsələlərlə bu baxımdan yanaşaraq hər birinə dəqiqlik gətirdi, həlli yollarını göstərdi.
Görüş-qəbulda dedilər ki, 1971-ci ildən kəndə Göyçay çayından su maşınla daşınır. Artezian quyusu qazmaq təklif olundu. Mirdaməd müəllim bunu problemin müvəqqəti həlli hesab etdi. Tapşırıq verdi ki, əsaslı layihə hazırlansın və bu layihənin icrasından sonra Gideyli su ilə davamlı təmin olunsun. Qazın təzyiqinin aşağı olmasından şikayətlənən kənd sakinlərinə Qaz İstismar Sahəsinin rəisi E.Səlimzadə bunun təmiri ilə əlaqədar müvəqqəti hal olduğunu bildirdi.
Bir oğlu və bir nəvəsi şəhid olmuş Qəzənfər kişi evinin təmir olunmasında yardımçı olmağı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdan xahiş etdi. Mirdaməd müəllim həssaslıqla xahişi qəbul etdi. Bildirdi ki, məsələ tezliklə həll olunacaq. İsmayıllı əhalisinə, xüsusilə imtiyazlı şəxslərə qayğı göstərmək hər birimizin mütləq borcudur. Mirdaməd müəllim tapşırdı ki, “Hər bir kənddə kitabxana, tibb məntəqəsi və məktəb” layihəsinə əsaslanaraq Gideyli kənd kitabxanası bərpa edilsin. Tibb məntəqəsi fəaliyyət göstərməlidir. Təhlükə törədən elektirik xətləri təmir olunmalıdır. Kənd sakinlərinə Mirdaməd müəllim məsləhət gördü ki, bir araya gəlib iş qursunlar, qadınların xalça toxuması üçün şərait yaradılsın. RİH başçısı komputer kursu qutaran gənc qıza komputer bağışladı.
Uşaq bağçası açılması üçün müvafiq təşkilatlara tapşırıq verildi.
Rəsmi görüş-qəbul başa çatdıqdan sonra da Mirdaməd müəllim istəyən hər kəsi qəbul etdi, aid təşkilatlara müvafiq tapşırıqlar verdi.