15 may-Beynəlxalq Ailə günü İsmayıllıda qeyd olundu
15 may-Beynəlxalq Ailə günü İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə bir neçə ailədə olmaqla qeyd edib.
Beynəlxalq Ailə günü İsmayıllı şəhərində yaşayan 103 yaşlı böyük bir nəslin ağbirçəyi Səkinə Çələbiyeva, Diyallı kəndində yaşayan, bu il evliliklərinin 55 ilini çoxsaylı övladları, nəvələri, nəticələri ilə birlikdə qeyd edəcək Firəngiz və Ağa Qasımovun ailəsi, Xəlilli kəndində yaşayan, 10 qız övlad böyüdüb nümunəvi ailə sahibi etmiş Kimya və Əlmövsüm Qədirovun ailəsi ziyarət ediliblər. Hər 3 ailə çoxsaylı övladlarının əhatəsində xoş xatirələr danışıb, evin sevimlisindən elin istəklisinə necə çevrildiklərini həvəslə, öyüd-nəsihət verirmiş kimi səbrlə, ağsaqqal böyüklüyü, ağbirçək əzmi ilə dilə gətiriblər.
Hər 3 ailəyə, habelə bu müdrik insanlara bu gün böyük səbrlə qulluq edən, onların hər nazını, qayğısını çəkən evin xanımlarına hədiyyələr təqdim olunub.
Ailələrlə görüşdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru lətifə Əliyeva, RİH-nin məsul işçisi Gülər Baxışova, Dövlət qulluğu veteranı Valeh Salehov, TİAHİ rayon komitəsinin sədri Hafiz Kərimov iştirak ediblər.