19 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin Dağlıq Şirvan iqtisadi zonası üzrə fəal gənclərlə görüş keçirilib
Görüşdə YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, YAP Veteranlar Şurasının üzvü, Dünya Türk Ağsaqqallar Birliyini sədri Südeyif İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev, eləcə də Dağlıq Şirvan İqtisadi zonası üzrə Şamaxı, Ağsu, Qobustan, İsmayıllı rayonlarının fəal gənclər iştirak edib.
Tədbirdən öncə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar YAP-ın silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən Z.Muradov dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. Bildirib ki, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Dünya Türk Ağsaqqallar Birliyini sədri Südeyif İmamverdiyev gənclərə bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, hər bir xalqın tarixində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatını doğma xalqının inkişaf və tərəqqisinə həsr etmiş, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. O xatırladıb ki, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi. Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etdi. S.İmamverdiyev qeyd edib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib.
Daha sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Tahir Rzayev vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.