Ramazan ayının başlanması ilə əlaqədar dindarlarla görüş
Mayın 16-da İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, ziyalılar, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə çıxış edərək Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib. Natiq çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu, dövlətin hər zaman dinə və dindarlara qayğı göstərdiyini vurğulayıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə görülən işlərdən danışıb. O, həmçinin qeyd edib ki, dini ayin və mərasimlər qanunvericilik çərçivəsində yerinə yetirilməlidir.
Daha sonra QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməli, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməli olduğunu bildirib və tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.