Kürdmaşı məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
28 May xalqımız üçün çox əziz gündür. Çünki 1918-ci ilin 28 Mayında Azərbaycanın müstəqillik haqqında İstiqlal Bəyannaməsi qəbul edilib. Bu il AXC-nin yaranmasının 100-cü ildönümü tamam olur. Bu münasibətlə rayonun bütün ərazi dairələrində, təhsil, səhiyyə və mədəni-maarif müəssisələrində, idarə və təşkilatlarında silsilə tədbirlər həyata keçirilir.
Mayın 23-də Kürdmaşı kənd tam orta məktəbində Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhəbbət Qurbanova açıb. Tarix müəllimləri Lamiyə Şirinova, Hafiz Mehdiyev “İstiqlal Bəyannaməsi” ilə həyata vəsiqə alan AXC barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Çıxış edənlər qeyd edib ki, AXC qədim dövlətçilik ənənələrimizi bərpa edib, demokratiyaya geniş yol açıb. Milli, dini, irqi ayrıseçkiliyi aradan götürüb.
Tədbirdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, RTŞ-nin metodisti Xalid Allahverdiyev, Kürdmaşı kənd bələdiyyəsinin sədri Tünzalə İsmayılova da iştirak ediblər. RİH-nin nümayəndəsi M.Məhərrəmov rayon rəhbərliyi adından tədbir iştirakçılarını AXC-nin 100-cü ildönümü münasibəti ilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdiyini, müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu, Azərbaycan xalqına müstəqil yaşayıb inkişaf etmək yolunu göstərdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Şagirdlər tərəfindən söylənilən şeirlər, nümayiş etdirilən kompozisiya və slaydlar tədbiri daha canlı və maraqlı edib.