Qadınların seçki hüququ
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kənd rayonlarında qadınların seçki fəallığının artırılması və seçki hüququnun təbliği” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində reallaşdırılacaq. Qadınların seçki hüququnun tam təmin edilməsi məqsədi ilə həyata keçiriləcək layihə çərçivəsində Monitorinq Qrupunun yaradılması nəzərdə tutulub.
Bu məqsədlə 28 iyun tarixində İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun müxtəlif idarə və təşkilatlarında işləyən qadınlar arasında təlim keçirilib. Təlimdə qadınlar ilə yanaşı İsmayıllı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rövşən Yəhyayev, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Qüdrət Kazımov iştirak edib. Təlimi, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin Regional Koordinatoru Firdovsi Cavadov aparıb.
Təlim zamanı qadınların seçkilərdə iştirak etməməsinin bir sıra maraqlı məqamlarına toxunulub. Əsas səbəb kimi qadınlarımızın cəmiyyətin sosial həyatında iştirakın vacibliyi barədə məlumatsız, laqeyid olması göstərilib. Maarifləndirmə işlərinin daha səmərəli təşkil olunmasının vacibliyi vurğulanıb. Təlim maraqlı diskusiya şəklində davam edib.