Gənclərin bələdiyyələrdə iştirakçılığı
29 iyun 2013-cü il tarixdə, saat 11:00-da İsmayıllı rayon Tarix-Diyarşünaslıq muzeyində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bələdiyyələrdə gənclərin iştirakçılığının artırılması” adlı layihənin icrası ilə əlaqədar tədbir keçirdi.
Layihənin rəhbəri Fariz Budaqov tədbiri açaraq bildirdi ki, layihənin məqsədi regionlarda gənclərin yerli özünüidarəetmə strukturlarının-bələdiyyələrin işində iştirakçılığının artırılması, bələdiyyə-gənclər əməkdaşlığının gücləndirilməsinə dəstək verməkdir. O, İsmayıllı rayonunda fəaliyyət göstərən Gənclərin Antinarkomaniya İctimai birliyi layihənin icrasına təşkilatı dəstək verdiyini vurğuladı.
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasiyasının İctimai Birliyinin sədri Nurəddin Mehdiyev gənclərin seçkilərdə iştirakı mövzusunda fikirlərini və tövsiyyələrini bildirdi.
Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli və GANİB–in sədri Qüdrət Kazımov çıxışlarında rayon ərazisində yaşayan gənclərlə vaxtaşırı görüşdüklərini, fikir mübadiləsi apardıqlarını bildirdilər.
Cülyan kənd bələdiyyəsinin sədri Pərviz Qədirov, Təzəkənd kənd bələdiyyəsinin sədri Azər Bağırov təmsil etdikləri kəndlərin gənclərinin problemləri barədə fikirlərini bildirdilər.
İştirakçılara köynəklər, bukletlər hədiyyə olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.