Memarlar İttifaqı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə iclası
Lahıc və Basqal qəsəbələrinin, İvanovka, Qalacıq kəndlərinin və rayonun digər yaşayış məntəqələrinin timsalında İsmayıllının memarlıq tarixinin və şəhərsalma mədəniyyətinin qədimliyi aydın şəkildə təzahür edir. Məkan, müdafiə və dini xarakterli abidələrin çoxluğu da ümumilikdə İsmayıllının tarixi dəyərlərinin zənginliyini əks etdirir. Təqdir olunası haldır ki, yeni tikinti, quruculuq, abadlıq layihələrinin həyata keçirilməsində tarixilliklə müasirliyin sintezi əsas götürülür. İsmayıllı şəhərindəki Heydər Əliyev prospektinin, Mübariz Orucov, Nizami Gəncəvi, Əbülhəsən Ələkbərzadə, M.F.Axundov küçələrinin tərtibatı, “Qala divarları”nın, beşmərtəbəli və səkkizmərtəbəli yaşayış binalarının tikintisi, sənaye və sosial obyektlərin inşası, Lahıc qəsəbəsində icma evinin tikintisi məhz yeniliklə qədimliyin birləşmiş orijinal nəticələridir.
Tikinti-quruculuq işlərinə İsmayıllıda belə münasibəti təqdir edən Azərbaycan Memarlar İttifaqının katibliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə bölgədə birgə iclas keçirməyi qərara alıb. İttifaqın idarə heyəti tam tərkibdə İsmayıllıya gəlib.
Memarlar rayon rəhbərliyi ilə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, nəzərdə tutulmuş iclası keçirmək üçün şəhər Mədəniyyət Mərkəzinə gəliblər. Ölkə memarlarının dəyərli yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayıb, əyalətdə belə bir möhtəşəm, işgüzar iclasın keçirilməsinə görə Memarlar İttifaqının rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra beş ildə, xüsusilə Prezident İlham Əliyevin 2013, 2014 və 2016-cı illərdə İsmayıllıya etdiyi səfərlərin verdiyi geniş imkanlar sayəsində həyata keçirilən vacib layihələrdən, tikinti-abadlıq, quruculuq işlərində, yeni infrastruktur layihələrinin icrasında ənənəvi memarlığa və qədim şəhərsalma mədəniyyətinə əsaslanan fəaliyyətdən danışıb.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək birgə iclasın məqsəd və məramından danışıb, proqramla iştirakçıları tanış edib. Qeyd edib ki, İsmayıllıda bütün tikinti-abadlıq işlərində müasir memarlığın tələblərinə riayət olunur. RİH-nin memarlıq və tikinti şöbəsinə ixtisaslı memar başçılıq edir. İşlərin daha ixtisaslı təşkili üçün rayon ərazisindəki qədim memarlıq və şəhərsalma mədəniyyəti, tarixi abidələrin tikinti üslubları öyrənilməli, keçmişin sınanmış metodları bu günə gətirilməlidir.
E.Qasımzadə sonra sözü İsmayıllı Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Vüsal Abdullayevə verib. O, son illər rayonda icrası yüksək səviyyədə təmin olunan layihələrdən danışıb.
Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Səbayıl rayonunun baş memarı Kamil Məmmədov müasir Azərbaycan memarlığı ilə bağlı çıxış edib. Lahıcın yetirməsi memar Məhəmməd Nurməmmədov “İsmayıllı abidələrinin memarlıq tarixi” mövzusunda məruzə edib. Məruzədə Lahıc və Basqal ayrı-ayrılıqda təhlilini tapıb, iştirakçılara tanış olmayan bir çox abidələr barədə ətraflı məlumat verilib.
Qəbul olunmuş qətnamədə İsmayıllıda Azərbaycan Memarlar İttifaqının regional bölməsinin yaradılması qərara alınıb.
E.Qasımzadə 6 saylı tam orta məktəbin məzunu test imtahanlarında 700 bal toplamış Vasif Əsədovu qiymətli hədiyyə ilə təbrik edib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Memarlar İttifaqının fəxri üzvü seçilib.
Rayonun baş memarı Vüsal Abdullayev “Ustad memar” sertifikatı ilə mükafatlandırılıb.
İnşaatçı mühəndislər Azad Əliyev və Ədalət Göyüşov Memarlar İtifaqının üzvlüyünə qəbul ediliblər. Onlar həm də fəxri fərmanla təltif olunublar. Təltif olunanları Mirdaməd Sadıqov və Elbay Qasımzadə təbrik ediblər.
Bununla da birgə iclas öz işini başa çatdırıb.