İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Keyvəndidə görüş-qəbulu
Keyvəndi İnzibati Ərazi Dairəsinə daxil olan Pirəbilqasım, Minkə, Keyvəndi və Şəbiyan kəndləri rayonun inkişaf sürətinə inamla qoşulan yaşayış məntəqələridir. Pirəbilqasımda və Şəbiyanda müasir məktəblər tikilib. Minkə kəndi fərdi yaşayış evlərinin tikintisi çoxluğu ilə fərqlənir. İƏD-in iqtisadi inkişafını önə çıxaracaq, sosial həyatını tamamilə yeniləşdirəcək “Azza.Aqro” şirkətinin Keyvəndidə inşa etdiyi heyvandarlıq kompleksi istifadəyə verilmək ərəfəsindədir. Bələdiyyənin imkanları hesabına Şəbiyan kəndinə su çəkilib, 10 tonluq çən qoyulub. Rayon İcra Hakimiyyətinin yerli təşkilatlarla birgə həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, qeyd olunan kəndlərdə həyat yenidən gurlaşır, fəaliyyət sahələri genişlənir, əhalinin maraqlarına uyğun layihələr həyata keçirilir. Lakin hələ də diqqət yetirilməsi vacib olan məsələlər qalmaqdadır. Keyvəndidə 18 elektrik dirəyi dəyişilməli, güc transformatoru yenilənməli, şirkətin tikdiyi anbara çəkdiyi su xətti bələdiyyənin köməyi və sakinlərin fəal iştirakı ilə həyətlərə şaxələnməlidir. Burada yeni məktəb binasına da çox ciddi ehtiyac vardır.
Bütün bunlar barədə Keyvəndi kəndində açıq havada keçirilən görüş-qəbulda RİH-nin başçısı Mirdaməd Sadıqov ətraflı danışıb.
İştirakçılar ilk növbədə müntəzəm görüş-qəbullara, gündəlik həyatlarına diqqətə görə təşəkkür edib, elə bir fərqli məsələ ortaya çıxarmayıblar. Aydın Talıbov əlavə onu deyib ki, təsərrüfat işləri zamanı torpaq yollardan çox istifadə olunur. Həmin yollara qreyder çəkilməsinə ehtiyac vardır.
Bu və digər məsələlərin icrası barədə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə, aid xidmət təşkilatlarına, bələdiyyə sədrinə və icra nümayəndəsinə tapşırıqlar verilib.