İsmayıllı nümayəndə heyəti Belarusda səfərdə olub.
Belarus Respublikasının Nesvij şəhəri ilə İsmayıllı şəhəri qardaşlaşmış şəhərlərdir. Bu il bu dostluq və əməkdaşlığın 10 ili tamam olur. 10 il ərzində Nesvij şəhəri ilə qarşılıqlı səfərlər edilib, təcrübə müdiləsi aparılıb.
Nesvij rayon İcraiyyə Komitəsinin dəvəti ilə 01-03 iyul 2018-ci il tarixlərdə “Belarus Respublikasının Müstəqillik günü” və Nesvij şəhərinin yaranmasının 795-ci ildönümünə həsr olunmuş “Şəhər günü” münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün rayonumuzun nümayəndə heyəti Nesvij şəhərində səfərdə olub.
Nümayəndə heyətinin tərkibində Rayon İcra Hakimiyyəti başçısının müavini; Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Əhən bələdiyyəsinin sədri Allahverdi Aslanov, Nikitin adına kolxozun sədr müavini Vasiliy Uryupin iştirak ediblər.
Nesvij şəhərində keçirilən tədbirlərdə Almaniya, Polşa, Latviya, Ukrayna, Litva və Rusiya Federasiyasının qardaşlaşmış şəhərlərindən olan nümayəndə heyətləri də iştirak edib.
01 iyul 2018-ci il tarixdə Nesvij rayon İcraiyyə Komitəsində qonaqların qəbulu ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə Nesvij rayon İcraiyyə Komitəsinin sədri Solovey Gennadi Mixayloviç qardaşlaşmış şəhərlər arasında münasibətlərin mühüm əhəmiyyət daşıdığını, ölkələrin və xalqların daha da yaxınlaşmasında belə tədbirlərin böyük rolunun olduğunu qeyd edib. Tədbir zamanı Belarusla Azərbaycan arasındakı dostluq əlaqələrinə böyük önəm verildiyi xüsusi qeyd olunub. Sonra İsmayıllı və Nesvij şəhərləri arasında əlaqələrin və qarşılıqlı dostluğun möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb, əlaqələrin perspektivindən danışılıb.
Nümayəndə heyətimiz 02 iyul 2018-ci il tarixdə Nesvij şəhərinin mərkəzi meydanında təşkil olunan konsert və paradda iştirak edib. 03-04 iyul 2018-ci il tarixlərdə Belarusun tarixi yerlərinə və Brest şəhərinə ekskursiya keçirilib, mədəniyyət abidələrinə, kənd təsərrüfatı və sənaye müəssisələrinə səfərlər edilib, təcrübə mübadiləsi aparılıb.
İsmayıllı nümayəndə heyətinə səfər zamanı xüsusi qayğı və diqqət göstərilib.
Nesvij şəhər rəhbərliyi yaxın vaxtlarda rayonumuza dəvət olunub və bu dəvət məmuniyyətlə qəbul edilib.