Əbədiləşən xatirə
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir müddət bundan əvvəl İstisu camaatı ilə görüşərkən Məhəmməd kişi Qarabağ müharibəsində itkin düşmüş oğlunun xatirəsini hər hansı bir formada əbədiləşdirməyi xahiş etdi. Məsələyə çox həssaslıqla, şəhid atasına böyük ehtiramla yanaşan Mirdaməd müəllim özlüyündə qərara gəldi ki, şəhidin xatirəsini çox yaxşı tikilmiş bulaqla əbədiləşdirmək daha məqsədəuyğun olar.
İdeya həyata keçib. Xatirə bulağı məktəbin girəcəyində tikilib. Ruhu qarşısında borclu olduğumuz Fərman Feyzullayevin qara mərmərə həkk olunmuş şəklindəki baxışlar hamımızı vətən üçün daha çox çalışmağa çağırır.
İyul ayının 9-da Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İstisuda şəhid Fərman Feyzullayevin xatirəsini əbədiləşdirən bulağın açılışına gəldi, şəhid atası Məhəmməd kişi ilə ağsaqqallarla, açılışa gələnlərlə görüşdü. Arzu etdi ki, bu sonuncu xatirə abidəsi olsun. Torpaqlarımız bütövləşsin. Hər yerdə mədəniyyət sarayları, məktəblər, səhiyyə obyektləri, yaşayış evləri tikilsin. İnsanlar daha firavan yaşasın.
Məhəmməd Feyzullayev oğlunun xatirəsinə göstərdiyi ehtirama, onu uca tutduğuna görə rayon rəhbərliyinə təşəkkür etdi.
Mirdaməd müəllim gül dəstəsini məktəbli qıza təqdim etdi. O da öz növbəsində gül dəstəsini bulağın önünə qoydu.