Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayılllı Rayon İcra Hakimiyyəti başçısı Kürdüvan kəndində görüş-qəbul keçirib

03 avqust 2018 | 16:00

Xankəndi İnzibati Ərazi Dairəsinə daxil olan Kürdüvan kəndini Xankəndindən bir küçə ayırır. RİH-nin başçısı Mirdaməd Sadıqov kürdüvanlılarla ayrıca görüş-qəbul keçirməyi daha məqsədəuyğun sayıb və sakinlərin fəal iştirakı ilə bu günlərdə həmin tədbir keçirilib.
Görüş-qəbulu giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əvvəlcə cənab Prezident İlham Əliyevin İsmayıllı ilə əlaqədar sərəncamlarının, təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icra nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, rayonda, hər bir kənddə kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın inkişafı əhalinin sosial həyatını yeniləşdirir, daha təminatlı edir. Bu baxımdan Kürdüvanda da müəyyən işlərin görüldüyünü demək mümkündür. Mirdaməd Sadıqov  sonra qeyd edib ki, daha yaxşı yaşamaq, daha yüksək əmək nəticələri əldə etmək üçün fındıqçılığı, baramaçılığı, heyvandarlığı, meyvəçiliyi müasir iqtisadi idarəetmə əsaslarında təşkil və inkişaf etdirmək lazımdır. Daha məqsədəuyğun olar ki, kooperasiyalar, birgə təsərrüfatlar,  digər təşkilati-istehsal müəssisələri yaratmaqla sakinlərin məşğulluğu artırılsın. Rayon icra hakimiyyəti də öz növbəsində bütün fəaliyyət istiqamətlərinin təşkilində sosial problemlərin həllində iş görmək istəyən kənd sakinlərinin yanında olacaqdır.
RİH-nin başçısı giriş nitqini bitirdikdən sonra sakinləri dinləyib. Görüş iştirakçılarının birinci xahişləri o olub ki, Kürdüvana qaz çəkilsin, Zeyvədən Kürdüvana qədər olan yola yenidən baxılsın. Evlərin sənədləşdirilməsinin-mülkiyyət hüququ verən şəhadətnamələrin verilməsinin ləngidiyini deyən sakinlər həm də xahiş ediblər ki, kənddə ibtidai məktəb açılsın, enerji təchizatını yaxşılaşdırmaq üçün transformator yenilənsin, elektrik xətləri təmir olunsun.
Qaldırılan hər bir məsələ barədə başçı qanuni izahat, icrası rayon təşkilatlarının səlahiyyəti səviyyəsində olan məsələlər barədə tapşırıqlar verib, qaz çəkilişinin Dövlət Proqramına uyğun aparıldığını deyib. Həm də qeyd edib ki, cənab Prezidentin tapşırığına əsasən yaxın illərə qədər ölkədə qazlaşdırılmayan yaşayış məntəqəsi qalmayacaq.
Kürdüvan kənd sakini, ziyalı Cəsarət Mahmudov görüş-qəbul yekunlaşanda deyib:
- Hörmətli Mirdaməd müəllim, neçə ildir ki, mən İsmayıllıda gedən işləri müşahidə edirəm. Yaxşı görürəm ki, siz çox hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamlarını, göstərişlərini, Dövlət Proqramlarında nəzərdə tutulan məsələləri, xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə icra edirsiniz.
Dövlətimiz, xalqımız qarşısında borclu olduğunuzu heç zaman yaddan çıxarmırsınız. Bax, elə bunlara  əsaslanıb xahiş edərdim ki, kəndə içməli və suvarma suyu çəkilməsinə köməklik göstərəsiniz. Çünki dediyiniz təsərrüfat məsələlərini susuz həll etmək mümkün deyil.
Mirdaməd Sadıqov dediyi fikirlərə C.Mahmudova təşəkkürünü bildirib və qeyd edib ki, cənab Prezident İlham Əliyevin diqqəti, qayğısı və hərtərəfli yardımı ilə İsmayıllı daha yüksək sürətlə inkişaf edəcək, əhalinin sosial həyatı daha firavan olacaq. Çox vacibdir ki, vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər birimiz dövlətimiz qarşısında məsuliyyət daşıdığımızı dərindən dərk edək.
Kürdüvan kəndində keçirilən görüş-qəbul ölkə rəhbərinə minnətdarlıqla başa çatıb.

Keçidlər