İsmayıllıda Qurban bayramı geniş miqyasda qeyd olunub.
İsmayıllıda milli-mənəvi-dini dəyərlərimizin ən əhəmiyyətlilərindən biri olan Qurban bayramı geniş miqyasda bütün yaşayış məntəqələrini əhatə etməklə qeyd olunub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı bu humanist və mərhəmət daşıyıcısı olan bayramın təşkili ilə əlaqədar komissiya yaradıb. Komissiya İsmayıllı şəhərində, Basqal və Lahıc qəsəbələrində, bütün kəndlərdə yaşayan Qarabağ müharibəsi və Çernobıl əlillərinin, şəhid ailələrinin, I və II qrup əlillərin daha, ehtiyaclı ailələrin siyahısını əvvəlcədən dəqiqləşdirib. Rayon Kənd təsərrüfatı idarəsinin ərazisində hər bir sanitariya və gigiyena tələblərinə cavab verən səyyar kəsim məntəqəsi yaradılıb, daxili imkanlar hesabına heyvanlar alınıb. Bayram duasından sonra kəsim başlayıb. Komissiyanın təşkilatçılığı ilə İsmayıllı şəhərində 1500 nəfər əlilə, şəhid ailəsinə və ehtiyaclı insana qurban payı verilib. Hər bir kənddə kəsilən qurbanlıqdan məlum kateqoriyadan olan insanlara paylanıb.
Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də ehtiyaclı İsmayıllı sakinlərinə bayram sovqatı göndərib.
Əhali dövlətimizə, Prezident İlham Əliyevə bu mərhəmətə, diqqət və qayğıya görə minnətdarlıq edib.