Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Təhsildə gənclik enerjisi” adlı gənc müəllimlərlə görüş keçirilib

31 yanvar 2026 | 10:40

İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyində İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin dəstəyi ilə “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Təhsildə gənclik enerjisi” adlı gənc müəllimlərlə görüş keçirilib.

Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, YAP-ın İsmayıllı rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, əməkdar və gənc müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər gəncləri “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edərək, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin təhsil sahəsində fəallığının və təşəbbüskarlığının daim dəstəkləndiyini qeyd ediblər. Çıxışlar zamanı gənc müəllimlərin təhsilin inkişafında rolu, onların bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti, müasir tədris metodlarının tətbiqi və innovativ yanaşmaların vacibliyi vurğulanıb.

Tədbirin keçirilməsində məqsəd “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd olunması, gənc müəllimlərin cəmiyyətdə və təhsil sistemində rolunu ön plana çəkmək, onların peşəkar inkişafına dəstək göstərmək, təhsil sahəsində innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də gənc müəllimlər arasında təcrübə mübadiləsinin və qarşılıqlı fikir müzakirəsinin aparılmasına şərait yaratmaqdan ibarət olub.

Keçidlər