İsmayıllının Xəlilli kəndi: yeni uşaq bağçası istifadəyə verilib
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq İsmayıllı rayonunun Xəlilli kəndində dövlət investisiya qoyuluşu ilə 40 yerlik-2 qrupluq uşaq bağçası inşa edilib. Məktəbəqədər tərbiyə müəssisəsinin bütün tələblərinə cavab vermək səviyyəsində “Aqrartikinti” ASC-nin İsmayıllı filialı tərəfindən tikilmiş binada lazımi məişət, iaşə, məşğələ, ilkin təlim, tərbiyə və istirahət şəraiti yaradılıb.
Rayonda yeniliklərin yaşandığı bu günlərdə uşaq bağçasının təntənəli açılışı olub. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açılışda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfərindən, sosial-iqtisadi, təhsil və mədəniyyətin inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən ətraflı danışıb, valideynləri, təhsil işçilərini, kəndin bütün sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib.
Xəlilli kəndinin ağsaqqalı Vaqif Məmmədov, tam orta məktəbin direktoru Şakir Müseyibov və başqaları çıxış edərək yaradılan şəraitə, hərtərəfli qayğıya görə dövlətimizə, dövlət başçısına minnətdarlıq edib, inşaatçılara təşəkkürlərini bildirib, yenilik münasibətilə valideynlərə və uşaqlara uğurlar arzulayıblar, təbriklər ünvanlayıblar.
Uşaqlar şeir söyləyiblər. Sonra yeni uşaq bağçasının binasına baxış keçirilib.
“Bilik bayramı” ərəfəsində İsmayıllı təhsil sistemində daha bir yeniliyə imza atılıb. Rayonda bu kimi tədbirlər davamlı olacaqdır.