İsmayıllının Qalınçaq kəndində görüş-qəbul
İsmayıllı rayonunun Qalınçaq kəndi son illər daha geniş miqyasda inkişaf sürətinə yiyələnib. İçməli su, qaz və enerji təchizatı problemləri müvəffəqiyyətlə həll olunub. Buraya və inzibati ərazi dairəsinə daxil olan Göytəpə və Mücühəftaran kəndlərinə asfalt yol çəkilib. İntensiv bağçılığa xüsusi diqqətlə yanaşılır. Dövlətimizin və ölkə rəhbərinin qayğısının bariz nümunəsi olan tam orta məktəbin yeni binası təlim və tərbiyənin yüksək nəticəli təşkili üçün optimal şərait yaradıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalınçaq kənd tam orta məktəbinin akt zalında keçirdiyi görüş-qəbul zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfərindən, açılışını etdiyi obyektlərdən, səfərin yaratdığı ruh yüksəkliyindən və dövlət başçısının sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar fəaliyyət proqramı və tədbirlər planı hazırlanmasından, onların icrası üçün müəyyənləşdirilmiş yollardan ətraflı danışıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov uğurlarla yanaşı görüləcək işlərdən də bəhs edib.
İştirakçılar kəndin kənarında yeni tikilmiş evlərə qaz çəkilməsinə, Qalınçaq-Xanagah yolunun işlək vəziyyətə gətirilməsinə, şirə zavodunun işə salınmasına, yeni transformator qoyulmasına, istifadə müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərməyi xahiş ediblər. Qaldırılan məsələlərlə əlaqədar aid qurumlara müvafiq tapşırıqlar verilib.