İsmayıllıda ənənəvi Təhsil bayramı
Bir neçə il bundan əvvəl İsmayıllıda yeni, dəyərli bir ənənənin əsası qoyulub. Hər il təhsildə, tədrisdə, xüsusilə universitetlərə qəbulda əldə olunan yüksək nəticələr İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və hərtərəfli dəstəyi ilə “Təhsil bayramı” formasında təqdir olunur. Bu ilki bayram isə daha təntənəli, daha geniş miqyasda, qardaşlaşmış şəhərlərdən gələn qonaqların, elm adamlarının iştirakı ilə “Röya” şadlıq sarayında keçirilib. Təhsil sistemində çalışanların, bütün rayon ictimaiyyətinin sevinməyə,bayram etməyə ötən illərdəkindən daha fərqli haqqı vardır.Rayonun tam orta məktəblərinin məzunlarının 360 nəfəri universitetlərə qəbul olunub. 6 saylı tam orta məktəbdən Vasif Əsədov 700 bal toplayaraq Ali Neft Məktəbinə qəbul olunub, 37 nəfər 600-dən çox, 49 nəfər 500-600 arası bal toplayıb. Məktəblərin beynəlxalq əlaqələri artıb. Elektron və innovativ təhsildə nəticələr özünü göstərir. Birinci Qrant layihəsində 4, ikinci Qrant layihəsində 5 müəllim qalib gəlib. Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Rövşən Əliyev və şəhər 1 saylı tam orta məktəbin müəllimi Surə Mehdiyeva hər iki layihənin qalibi olub. Diqqətə çatdırılası çox nailiyyətlər vardır. Onlardan və qeyd olunanlardan “Təhsil bayramı”nda ətraflı danışılıb.
İlk çıxışı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov edib, Prezident İlham Əliyevin 25-26 avqust 2018-ci il tarixdə İsmayıllıya gətirdiyi sürətli inkişafdan,ruh yüksəkliyindən, 400 yerlik Lahıc qəsəbə tam orta məktəbini hədiyyə etməklə rayon təhsilinəgöstərdiyi qayğıdan, Lahıcın timsalında İsmayıllı ziyalılarına, ailmlərinə, elm adamlarına verdiyi qiymətdən danışıb. Razılıqla bildirib ki, müəllimlərin əməyi yüksək nəticə verir, ali məktəblərə qəbul olunanların sayı ilbəil artır. Çox vacibdir ki, şagirdlərin vətənpərvərlik, azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə daha ciddi yanaşılmalı, təlim və tərbiyənin uğurları bir-birini tamamlamalıdır.
Mirdaməd Sadıqov daha sonra ali məktəblərə qəbul olunanları təbrik edib.700 bal toplayana, Qızıl və Gümüş medal alanlara xüsusi hədiyyələr, 600-dən çox və 500-600 arası bal toplayan yeni tələbələrə maddi mükafatlar təqdim olunub.
RİH başçısı Mirdaməd Sadıqov məcburi köçkünlər yaşayan qəsəbədəki 30 saylı Ağdam tam orta məktəbinin direktoru Zahid Namazovu və yüksək balla universitetə qəbul olunan 3 nəfər məzunu xüsusi olaraq təbrik edib, hədiyyələrlə “Təhsil Bayramı”nı onların yaddaşında möhkəmləndirib.
Qardaşlaşmış şəhərlərin nümayəndələri adından Belorus Respublikasının Nesvij rayonunun İcraiyyə Komitəsinin sədri Lazyuk Valeriy Mixayloviç bayram iştirakçılarını təbrik edib, İsmayıllının sosial iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışıb.
Millət Vəkili Tahir Kərimli çıxışında deyib ki, İsmayıllı təhsil sisteminin ildən-ilə artan uğurları məni sevindirir. Təhsilin inkişafı,rayonun yüksəlişi bilavasitə onunla bağlıdır ki, cənab Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələri rayon rəhbərliyi tərəfindən məsuliyyətlə icra olunur. Təhsil Bayramının iştirakçılarına təşəkkür edir, yeni tələbələrə yeni-yeni zirvələr fəth etməyi arzulayıram.
Xalq şairi Səməd Vurğunun sevdiyi Talıstan kəndinin yetirməsi, tarix elmləri doktoru, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev tələbələri təbrik edib, onlara kamil mütəxəssil olmaqda, ölkəmiz üçün vacib olan elmlərə yiyələnməkdə, Azərbaycan tarixini dərindən öyrənməkdə, milli-mənəvi dəyərlərə yiyələnməkdə nailiyyətlər arzulayıb, Azərbaycan və İsmayıllı tarixinə, arxeologiyaya həsr olunmuş kitablarını Vasif Əsədova ərməğan edib. 37 nəfər 600-dən yuxarı bal toplayan tələbəyə Millət Vəkili Novruz Aslanovun adından hədiyyə verilib.
Valideyin Aqil Nemətovun, işə qəbul zamanı imtahanda Respublikada ən yüksək 59,3 bal toplamış Aytac Ziyadxanlının, 6 saylı məktəbin direktoru Qalib Bəşirovun,YAP rayon təşkilatı gənclər birliyinin sədri, gənc müəllim Qönçə Ağazadənin, müsabiqə qalibi Surə Mehdiyevanın, 30 saylı Ağdam tam orta məktəbinin direktoru Zahid Namazovun çıxışları dinlənilib. Təzəkəndli iş adamı Yaşar Məhərrəmovun adından həmin məktəbin ən yüksək bal toplayan məzunu Şamxal Bədəlova pul mükafatı verilib.
Rəqslər ifa olunub, şən mahnılar dinlənilib.