İsmayıllıda YAP fəalları ilə görüş
Yeni Azərbaycan Partiyasının sədr müavini, YAP-ın icra katibi Əli Əhmədovun iyul ayının 17-də YAP İsmayıllı rayon təşkilatının fəalları ilə görüşü olmuşdur. İcra katibinin müavini Mübariz Qurbanlı, Millət Vəkili Ərəstun Cavadov, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə iştirak etmişlər.
Əli Əhmədov qeyd etmişdir ki, ötən 10 il müddətində Azərbaycan müasirləşmiş, yeniləşmiş, hər bir şəhəri, yaşayış məntəqəsi abadlaşmış, yenidən qurulmuş, sosial həyatı yüksək səviyyəyə çatmışdır. İqtisadiyyat 3 dəfə artmışdır. 1 milyon 200 min iş yeri açılmışdır. İnkişafın nəticəsi olaraq yeni həyat standartları yaranıb. Ölkəmizin siması tamamilə dəyişdiyi kimi, insanların həyatı da başdan-başa dəyişib.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr sayəsində dünya ölkələri birliyində yerimiz möhkəmlənib.
Bütün bunlar və növbəti 5 il üçün həyata keçiriləcək inkişaf proqramı Azərbaycan Prezidenti cənab İlham Əliyevin yenidən namizədliyini zəruri edir. YAP üzvləri və bütün seçicilər bu zərurəti dərindən dərk edirlər.
Mollaisaqlı İƏD üzrə nümayəndə Həşim Həşimov və Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov çıxış edərək cənab İlham Əliyevin timsalında haqqa, ədalətə, yüksəlişə, hər bir ailənin, bütövlükdə xalqın xoşbəxtliyinə hamılıqla səs verəcəklərini bildirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında qeyd etdi ki, mən 1993-cü ildən YAP-ın üzvüyəm. O zamandan partiyamızın qələbələrinə adət etmişəm. Hər bir bölgədə, ölkəmizdə görülən nəhəng işlər cənab Prezident İlham Əliyevin təbliğatıdır. İsmayıllının 50 minə yaxın seçicisi bu həqiqətə söykənərək seçimini çoxdan edib. Xalqımız sonu qaranlıq yolla getməyəcək, rayonumuz işıqlı, aydın görünən yolu seçəcək. İnamla o yolla gedəcək.