2021-2022-ci dərs ilinin başa çatması münasibətilə rayon icra hakimiyyəti başçısı Nahid Bağırovun İsmayıllıdan olan məzunlara təbriki
Əziz məzunlar!
Siz bu gün tam orta təhsil pilləsini bitirərək müstəqil həyata qədəm qoyursunuz. Bu gündən etibarən siz bir məktəbli deyil, artıq müstəqil və torpaqlarını yağı düşməndən azad edərək şanlı tarixindəki qürurunu özünə qaytarmış qalib Azərbaycanın azad gənclərinə çevrilirsiniz. Ali məktəbə sənəd verən bu günkü məzun sabah tələbə adını qazanaraq istədiyi peşənin sahibi olacaqdır. Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısında ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi dayanır. Məlumdur ki, azad olunmuş doğma torpaqlarımızda yeni-yeni infrastruktur layihələr, idarələr, müəssisələr və xalqımız üçün vacib olan bir sıra yaşayış məntəqələri salınır. Bu layihələrin reallaşması sizin timsalınızda gələcəyin istedadlı və potensial kadrların üzərinə düşür. Yaşından, ixtisasından, çalışmasından asılı olmayaraq hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. Müasir dövrdə Azərbaycan gəncliyindən yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı sosial məsuliyyətlilik və innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur.
Sizə arzum gələcəkdə seçdiyiniz peşə sahəsində uğurlar əldə etməyiniz, dövlətə və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşmağınızdır. Arzu edirəm ki, gələcəkdə siz də seçilmiş gənclərdən biri kimi öz fəaliyyətinizlə vətənimiz Azərbaycanı böyük qürur və fəxarət hissi ilə həm daxildə, həm də beynəlxalq arenada uğurla təmsil edəsiniz. Bir daha hər birinizə gələcək müstəqil fəaliyyətinizdə uğurlar arzulayıram.