İsmayıllının Qurbanəfəndi kəndində görüş-qəbul
Rayonun Qurbanəfəndi kəndinin sakinləri əməksevərliyi, çalışqanlığı ilə daha çox seçilir. Hər kəs özünün, ailəsinin həyatı üçün məsuliyyətinin öz üzərində olduğunu dərk edir. Bu kənd bir fərqli cəhəti ilə də diqqəti cəlb edir. Burada gənc şairə Turac Hilal poeziyada özünəməxsus sözünü deyir. İki şeirlər kitabı nəşr olunub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təklifi və təşkilatçılığı, gənc qələm sahibinə qayğısı ilə Turacın ikinci kitabının təqdimatı keçirilib.
İcra hakimiyyətinin başçısı belə bir kəndin sakinləri ilə həmsöhbət olub, onların problemlərini, təklif və istəklərini öyrənmək üçün bu günlərdə görüş-qəbul keçirib.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov əvvəlcə mütəşəkkilliklə görüşə gələnləri salamlayaraq deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfəri bir daha göstərdi ki, İsmayıllı dövlətimizin, onun rəhbərinin diqqəti və qayğısı əhatəsindədir. Çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektlərinin, yeni yolların açılışı bunu bir daha sübuta yetirir. Səfərdən sonra cənab Prezidentin qəbul etdiyi sərəncamlar İsmayıllının geniş miqyasda, çoxistiqamətli inkişafı üçün möhkəm əsas yaradır. Hər bir inzibati ərazi dairəsi, hər bir kənd, hər bir rayon sakini qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalıdır.
İcra hakimiyyətinin başçısı daha sonra kəndin həlli vacib problemlərindən və onların həlli yollarından danışıb. Qeyd edib ki, Vətəndaşlar hər bir addımda, hər bir fəaliyyət istiqamətində qanunçuluğa riayət etməli, xüsusilə torpaqlardan istifadə, tikinti məsələlərində, enerji resurslarından istifadədə diqqətli olmalıdırlar.
Görüş iştirakçıları təkrar da olsa, bir sıra məsələləri yenidən diqqətə çatdırıblar. Əhalisi, şagird kontingenti artan Qurbanəfəndidə yeni, müasir məktəb və uşaq bağçası binasının, tibb məntəqəsinin tikintisinə, magistral yoldan kəndə ayrılan hissənin asfaltlaşdırılmasına, elektrik təsərrüfatının təmirinə, yeni transformator quraşdırılmasına, tikiş fabrikinin filialının açılmasına, kəndin yaxınlığındakı torpaq sahəsinin təyinatının dəyişdirilməsinə çox ciddi ehtiyac olduğunu bildiriblər.
Hüquqi məsələlərlə bağlı İsmayıllı rayon prokuroru Tural Yusifov çıxış edib.
RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulun yekununda bildirib ki, qaldırılan məsələlər RİH-də bir daha araşdırılacaq, təhlil olunacaq, icra ünvanları müəyyənləşdiriləcək və rayon icra hakimiyyəti də daxil olmaqla həmin istiqamətlərə yönəldiləcək.