Şriftin ölçüsü :

Saytın rəngi :

FAO-nun İsmayıllıda regional seminarı

27 sentyabr 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti yoxsulluğun azaldılmasının əsas istiqamətini Kənd təsərrüfatının intensiv inkişafında görür. Bu məqsədlə də QHT-lər, iqtisadi qurumlar, elm mərkəzləri, ictimai birliklər və beynəlxalq təşkilatlarla birgə bu sahənin idarə olunmasına və yeni düşüncə əsasında inkişaf etdirilməsinə xidmət göstərən tədbirlər həyata keçirir. “Qala” şadlıq sarayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Vyanada qərargah edən Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin texniki və elmi dəstəyi ilə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək” layihəsi çərçivəsində regional seminar keçirilib. “Azərbaycanda DİM-lərin icrası üçün yerli dövlət-özəl-fərdi şəxslər arasında əməkdaşlıq” mövzusu seminarın gündəliyində olub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı iqtisad elmləri doktoru Mirdaməd Sadıqov regional seminarı giriş nitqi ilə açaraq qonaqları və iştirakçıları salamlayıb. Qeyd edib ki, seminarın təşkilatçıları, xüsusilə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi, onun rəhbəri xanım Mələk Çakmak çox xeyirxah bir məqsədlə İsmayıllıya gəlib. Burada iştirak edən fermerlər, kənd təsərrüfatı işçiləri, özəl iş sahibləri, mütəxəssislər diqqətlə öyrəndiklərini öz fəaliyyət sahələrində tətbiq etməklə uğurları artıra biləcəklər. Natiq məsləhət görüb ki, kənd təsərrüfatı istehsalını artırmaq üçün zamana uyğun aqrar idarəetmə metodlarına diqqətli olsunlar, kiçik torpaq sahibkarlığına son qoyub, kooperativlər, aqrokomplekslər, aqrokombinatlar yaratmaqla yeni təsərrüfatçılığa keçsinlər. Torpaq sahibləri arasında torpaq yox, ondan götürülən məhsul bölünsün. Bunun üçün isə İsmayıllıda nümunələr artıq vardır.
Giriş nitqindən sonra tədbiri FAO-nun tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri FAO-nun nümayəndəsi  Mələk Çakmak aparıb.
Zəngin praktik fəaliyyəti olan Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun mövcud duruma əsaslanan çıxışı seminar iştirakçıları tərəfindən yüksək səviyyədə dəyərləndirilib.
Vyana Universitetinin İnkişaf Tədqiqatları Mərkəzinin əməkdaşı Həmid El Bilali “Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyində ərzaq və kənd təsərrüfatı” mövzusunda çıxış edib, iştirakçı fermerlərə, iş adamlarına dəyərli məsləhətlər verib.
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova FAO-nun iqtisadi qurumlarla əməkdaşlıq şəraitində gördüyü işlərin yüksək nəticələrindən danışıb.
Proqram, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Natəvan Aslanovanın “FAO-nun Azərbaycanda DİM-lərin tətbiqinə dəstəyi” mövzusunda çıxışı dinlənilib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Həsən Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Əhməd Əlili, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası hüquq şöbəsinin müdiri Xəqan Hümmətov və “Azza-aqro” MMC-nin şöbə müdiri Nicat Vəliməmmədov müxtəlif mövzuda çıxış ediblər.
Mələk Çakmak regional seminarın keçirilməsinə yaratdığı şəraitə görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür edib.
Seminar suallar cavablandırılmaqla yekunlaşıb.

Keçidlər