İsmayıllı yazarları bir arada
Milli Mətbuatımızın 138-ci ildönümü münasibəti ilə iyul ayının 22-də Qala şadlıq sarayında tədbir keçirilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir peşə sahəsinə xüsusi diqqət göstərir, peşə bayramlarında birgə olur, dəstək durur. Belə ki, İsmayıllıda RİH başçısının iştirakı ilə peşə bayramlarının keçirilməsi ənənə halını alıb. Milli Mətbuat Gününün yüksək səviyyədə keçirilməsi də buna əyani sübutdur. Gözəl məkanda təşkil edilmiş bayramda RİH aparatının, hüquq mühafizə orqanlarının əməkdaşları, keçmiş jurnalistlər, yazıçılar, şairlər, incəsənət ustaları iştirak edirdi. Dəvətlilər ilk öncə rayon yazarlarının kitabları və “İsmayıllı xəbərləri” qəzetinin nömrələrindən təşkil edilmiş sərgiyə tamaşa elədilər. Sonra gözəl hazırlanmış çay süfrəsinin arxasında əyləşdilər. Hər kəsin üzündə səmimi, içdən gələn təbəssüm vardı. Masa arxasında əyləşmiş insanların mehriban, xoş ünsiyyəti, bayramlarını təbrik etməsi insan qəlbində xoş duyğular oyadırdı.
İmzası ilə şöhrət qazanmış jurnalist Lətifə Əliyeva tədbiri açaraq, hamını salamladı. Mətbuatımızın keçdiyi inkişaf yolu haqqında məlumat verdi. O, qeyd etdi ki, İsmayıllıda mətbuatın tarixi 1934-cü ildən başlanmasına baxmayaraq bu tarix dəyişdirilmişdir. Lətifə xanım çıxışından sonra sözü RİH başçısı Mirdaməd Sadıqova verdi. Mirdaməd müəllim günün əhəmiyyətindən danışdı. IV hakimiyyət hesab edilən jurnalistikanın cəmiyyətdə ictimai fikrin formalaşdırılmasında müstəsna rol oynadığını dedi. İsmayıllıda gedən quruculuq-abadlıq işlərinin işıqlandırılması, gənclərimizin maarifləndirilməsində qəzetin yüksək əhəmiyyət daşıdığını bildirdi.
RİH başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova jurnalistika sahəsində fərqlənənlərə rayon rəhbərliyi tərəfindən ayrılmış mükafatları təqdim etdi.
Fizuli Baxışovun sözlərinə bəstələnmiş mahnını Sahibə Abdullayeva ifa edərək oradakılara zövqlü anlar yaşatdı.
Azərbaycanın tanınmış, İsmayıllıların fəxri olan şair Musa Yaqubun tədbirdə iştirak etməsi tədbirdəkilərin əhval-ruhiyyəsini daha da artırmışdı. Şair çıxışında şeirlərindən səsləndirdi. Hamı şairi xoş ovqatla dinləyirdi.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanovun çıxışı diqqət mərkəzində idi. Gələnlərə təşəkkür edən şair Şahməmməd Dağlaroğlu göstərilən qayğıya görə minnətdarlıq etmişdir. Baş redaktor qəzetlə yaxından əməkdaşlıq edənlərə təşəkkür əlaməti olaraq Diplomlar təqdim etdi.
RİH-in məsul işçisi Valeh Salehov çıxış edərək qəzetə daim diqqət göstərməyin vacibliyini bildirmişdir.
Respublika Müstəqil Mətbuat və İnformasiya Şurasının sədri Raqif Nazimoğlu jurnalistləri təbrik edərək, mətbuatın inkişafından danışdı.
Aşıq Yanvar, Piralı Şıxıyev, Qalib Güləliyevin ifaları tədbirə yüksək ruh qatırdı.