“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları yola salınıb
İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində Qubaya yola düşüb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq beşinci ildir keçirilən bu layihə nəinki məktəblilər, ümumən ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanır. Tur-aksiya iştirakçıları səhər saatlarında yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin İsmayıllının mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzinə gələn məktəblilərə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və başqaları məktəblilərə uğurlu yol arzulayıb, maarifləndirici tur-aksiyanın yeniyetmələrin ölkəmizi daha yaxından tanımalarında xüsusi əhəmiyyətini qeyd edib. Həmçinin bildirilib ki, “Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşmasında da mühüm rol oynayır.
Təşkil edilən konsert proqramı böyük maraqla qarşılanıb. Xalq mahnıları, milli rəqslər iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, 18-21 noyabr tarixlərini əhatə edəcək tur-aksiyanın növbəti mərhələsində İsmayıllı məktəbliləri Quba, Qusar və Xaçmaz rayonları ilə tanış olacaqlar. Səfər çərçivəsində məktəblilər Azərbaycanın şimal bölgəsini gəzəcək, bu rayonların tarixi maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə olunan nailiyyətlər barədə ətraflı bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.