Dövlət qayğısı İsmayıllı rayonunun bütün ərazisini əhatə edir Keyvəndi İƏD-nə daxil olan Bilistan kəndində görüş-qəbul
Keyvəndi kənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlər – Keyvəndi, Pirəbilqasım, Minkə, Şəbiyan, Bəhliyan və Bilistan kəndləri də son illər ölkə rəhbərinin, dövlətin qayğısını daha çox hiss edir, yeni layihələrin icrasında fərqlənir. Şəbiyanda və Pirəbilqasımda yeni məktəb binaları tikilib. İçməli su problemi tədricən öz həllini tapır. Perspektivdə 1500 başlıq olacaq müasir, istehsal və emal təyinatlı heyvandarlıq kompleksi istifadəyə verilib. Minkə, Keyvəndi, Şəbiyan və Bəhliyan kəndlərinə asfalt yol çəkilib.
25 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yolun və kompleksin açılışında iştirak edib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu yeniliklərdən sonra Bilistan kəndində görüş-qəbul keçirib.
RİH-nin başçısı Mirdaməd Sadıqovun problemlərə və onların aradan qaldırılması yollarına bələdliklə dolğun olan giriş nitqini iştirakçılar razılıqla dinləyiblər. Başçı qeyd edib ki, kəndə asfalt yoldan ayrılan 2,7 kilometrlik yol düzəldilməli, uşaqların təhsil məsələsi həll olunmalı, daşıyıcı xətdə olan 5 elektrik dirəyi dəyişdirilməli, torpaqların becərilməsi kollektiv, kooperativ forma almalı, onlardan səmərəli istifadə olunmalıdır.
Kənddə yaxşı təsərrüfatçı və ailə başçısı kimi tanınan Malik Mənsiyev çıxış edərək bildirib ki, onlar bilavasitə özləri ilə bağlı məsələləri problemə çevirmirlər. Əsas xahiş ondan ibarətdir ki, yolun qalan hissəsi düzəldilsin.
Görüş-qəbulda iştirak edən Daşdəmir Səfərov İsmayıllıya göstərdiyi xüsusi qayğıya, Keyvəndi inzibati ərazi dairəsinə yeni həyat gətirdiyinə görə kəndin əhalisi adından cənab Prezidentə böyük minnətdarlığını bildirib. Görülən işlərə yaxından bələd olduğuna əsaslanaraq ümid etdiyini bildirib ki, qaldırılan məsələlər, xüsusilə yol problemi tezliklə həll ediləcək.
Başqa bir sakin xahiş edib ki, Bilistanın adı yol ayrıcındakı göstərici lövhəyə yazılsın.
Aid xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi görüş-qəbulda RİH-nin başçısı hər bir məsələnin icrası ilə əlaqədar konkret tapşırıqlar verib. Qərara alınıb ki, yola hələlik çınqıl döşənsin, ilkin imkan yaranan kimi asfaltlansın.