Beynəlxalq Əlillər günü İsmayıllıda qeyd edilib
İsmayıllı şəhərindəki “Qala” şadlıq sarayında İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirilib. Burada Qarabağ müharibəsi əlilləri, əlil uşaqlar, müxtəlif ağır xəstəliklərdən sonra əlil olmuş sakinlər iştirak edib. Qayğıya ehtiyacı olan əlillərin bütün problemlərinin həllində müntəzəm iştirak edən təşkilatların rəhbərləri də tədbirdə olublar. Əvvəlcə şadlıq sarayının foyesində əlil uşaq və gənclərin yaradıcılıq məhsullarından ibarət satış-sərgiyə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, 2018-ci il bizim üçün daha fərqli, daha əlamətdar ona görədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il avqust ayının 25 və 26-da İsmayıllıya səfər edib, həyatımız, məişətimiz, iqtisadiyyatımız, təhsilimiz, mədəniyyətimiz, kənd təsərrüfatımız ilə bağlı bir sıra vacib obyektləri açıb. Dövlətimizin, möhtərəm Prezidentimizin yaratdığı imkanlar, göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, layiq olduğumuz həyatı bir-birimizə dayaq olaraq yaşayırıq, problemlərimizi birgə həll edirik. Fiziki çatışmazlıq ölkəmizin xoşbəxt vətəndaşı olmaqda kiməsə mane yarada bilmir. Çünki dövlətimiz və cənab Prezidentimiz hər bir Azərbaycan vətəndaşının həyatının təminatçısıdır, qayğıkeşidir və həmişə xalqın yanındadır. Əlil vətəndaşların sosial həyatının durmadan yaxşılaşması, şəxsi potensiallarının üzə çıxarılması üçün bütün imkanlar yaradılır. İsmayıllı rayon icra hakimiyyəti də dövlət siyasətinin bu vacib istiqamətini məsuliyyətlə həyata keçirir.
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov çıxış edərək deyib ki, əlillərə dövlət qayğısı müntəzəm, çoxistiqamətli qaydada bütün aid ünvanlara vaxtında çatdırılır. Rayonda müxtəlif səbəblərdən əlil olanların sayı 7369 nəfərdir. Tərkibində əsasən Qarabağ müharibəsi əlilləri olmaqla 115 nəfər əlil mənzillə, 18 nəfər əlil fərdi evlə, 60 nəfər əlil minik maşını ilə, 160-a yaxın əlil həyətyanı torpaq sahəsi ilə, 10 nəfər əlil əl arabası ilə təmin olunub. 46 nəfər əlilə sanatoriyalara yollayış verilib. 2019-cu ildə də fərdi ev tikintisi davam etdiriləcək.
Tədbirin sonrakı gedişində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-yi rayon şöbəsinin sədri Vidadi Zərbiyev, Əlil sahibkarlar təşkilatı rayon şöbəsinin sədri Rahim Səmədov, rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov, parolimpiyaçı Şakir Ömərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış ediblər.
1 saylı uşaq bağçasının körpələri, rayon incəsənət məktəbinin rəqqasları maraqlı və məzmunlu ifaları ilə məclisə şənlik gətiriblər.
Şəhər Mədəniyyət mərkəzinin bədii kollektivinin və Aşıq Elmanın çıxışları rəğbətlə qarşılanıb.
Tədbir iştirakçıların dövlətə, ölkə başçısına minnətdarlığı ilə başa çatıb.