Azərbaycanın İsmayıllı və Özbəkistanın Rişton şəhərləri qardaşlaşıb
Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə vilayətinin Rişton şəhəri arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında müqavilə imzalanması ilə bağlı mərasim keçirilib.
Bu, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə reallaşıb.
Daşkənddən Fərqanə vilayətinin Rişton şəhərinə gedən Azərbaycan nümayəndə heyətinə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev rəhbərlik edib.
Nümayəndə heyətinə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, AMM-nin direktoru Samir Abbasov, İsmayıllı Rayon Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu və iş adamı Azad Əliyev daxildir.
Bu münasibətlə Rişton şəhər hakimiyyətində keçirilən mərasimdə şəhər hakimi Sadıkcon Xaydarov qonaqları salamlayıb, bildirib ki, ölkənin şərqində yerləşən Rişton Böyük İpək Yolunun üzərində, Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən bəri Orta Asiyada keramika istehsal edən böyük mərkəz kimi tanınan Riştonun tarixi bizim eranın II əsrinə təsadüf edir. 1899-cu ildə Parisdə keçirilən keramika sənəti üzrə Dünya Sərgisində Rişton keramika kolleksiyası birinci yerə layiq görülənlər arasında olub. Deyilib ki, hazırda şəhərdə 3000-dən çox keramika sənətkarı var. Rişton ustalarının əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyi, Moskva şəhərindəki Şərq İncəsənəti Muzeyi, Sankt-Peterburq Etnoqrafiya Muzeyi, Dövlət Ermitajı, ABŞ, Böyük Britaniya və Yaponiya muzey kolleksiyalarını bəzəyir.
Hüseyn Quliyev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsi ilk dəfə olaraq həyata keçirilir və hər iki şəhər öz zəngin mədəniyyəti, qədim tarixi, gözəllikləri ilə turistləri valeh edir. İsmayıllı və Rişton milli mədəniyyətimizə, xalq sənətinə daim öz töhfələrini verib və onu zənginləşdirib. O bildirib ki, müqavilə imzalandıqdan sonra İsmayıllı və Rişton arasında əlaqələr daha da dərinləşəcək, çoxsaylı mübadilə proqramları, birgə layihələr həyata keçiriləcək.
Rövşən Ağayev bildirib ki, İsmayıllı və Rişton şəhərləri arasında oxşarlıq və yaxın xüsusiyyətlər var. Hər iki rayon tarixən ticarət yollarının üzərində yerləşib, öz sənətkarlığı və əl işləri ilə dünyada tanınıb. “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilən İsmayıllı özünün sənətkarlıq ənənələri, rəngarəng əl işləri, ipəkçilik sənəti, zəngin təbiəti, turizm ehtiyatları, tarixi-mədəniyyət abidələri ilə şöhrət qazanıb. İsmayıllı Azərbaycan misgərlik sənətinin, habelə ipəkçilik sənətinin mərkəzidir. İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan mis qabların və müxtəlif məhsulların istehsalı həyata keçirilir. 2015-ci ildə Lahıcın misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
R.Ağayev deyib ki, bu, İsmayıllının dünya şəhərləri ilə yeddinci “Qardaşlaşmış şəhərlər” statusu qazanmasıdır. Bundan əvvəl Belorusun Nesvij, Latviyanın Tsesis, Yaponiyanın İto, Fransanın Evian-le-Ben, İsrailin Kiryat Byalık və Çexiyanın Çeske Budeyovitse şəhərləri ilə qardaşlaşmışıq və uğurlu əməkdaşlıq edirik.
Çıxışlardan sonra İsmayıllı rayonu ilə Rişton şəhəri arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında saziş imzalanıb. Sənədi Sadıkcon Xaydarov və Rövşən Ağayev imzalayıblar.
Sazişə əsasən tərəflər elm, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində iş aparacaqlar.
Nümayəndə heyəti Rişton şəhərindəki “Əlişir Nazarovun keramika emalatxanası” və “Koron” Keramika Mərkəzində də olub, sənətkarların əl işlərinə baxıblar.