Yeniyol kəndində görüş-qəbul
Ümummilli liderin anım günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə yerinə yetirən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yeniyol kənd sakinləri ilə tam orta məktəbin iclas zalında görüş-qəbul keçirib.
Aid xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi görüş-qəbula kənd sakinləri, müəllimlər, yaşlı ziyalılar, gənclər mütəşəkkil qaydada gəlmişdilər.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başlanğıcda ümummilli lider Heydər Əliyevi fenomenal şəxsiyyət, qurucu, yaradıcı, xilaskar rəhbər, milli-mənəvi-dini dəyərlərin daşıyıcısı, xalqın xoşbəxt həyatının təminatçısı, sosial-iqtisadi inkişafın Azərbaycan modelinin müəllifi olan lider kimi xarakterizə edib. Başçı daha sonra Təzəkənd İnzibati Ərazi Dairəsinə daxil olan Yeniyol kəndinin həlli vacib məsələlərindən, mövcud məşğulluq və təsərrüfatçılıq durumundan ətraflı bəhs edib.
Pensiyaçı müəllim Səlahəddin Mirzəyev İsmayıllıya göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirib.
RİH-nin rəhbərliyinə təşəkkür edib ki, əhalinin qayğıları ilə yaşayır, problemlərin həllinə operativ yanaşır.
İştirakçılar bir sıra məsələləri diqqətə çatdırdılar: ərazidə daşıyıcı elektrik xətlərindəki 20 dirək dəyişdirilməli, magistral yoldan kəndə ayrılan 1,5 kilometr hissə asfaltlanmalı, tibb məntəqəsi və bağça açılması məsələsinə, evlərin üstündən keçən yüksək gərginlikli elektrik xəttinin dəyişdirilməsinə baxılmalı, uçquna düşən pay torpaqlarının yeri dəyişdirilməli, bir neçə nəfər sakinin indiyə qədər yeri bilinməyən pay torpaqları sahiblərinə tanıdılmalıdır.
RİH-nin başçısı qaldırılan hər bir məsələnin qanuni əsasda həlli üçün müvafiq tapşırıqlar verib.