İsmayıllıda Aqrar Məşğulluğun Artırılması Layihəsi üzrə regional görüş
Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayıb. İsmayıllı, Oğuz və Qəbələ rayonlarının gənclərinə AMAL barədə informasiya vermək, layihəyə cəlb etmək üçün İsmayıllı rayonunda görüş keçirilib.
Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, AMAL-ın layihə koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev iştirak ediblər.
Görüşlərə AMAL internet saytı üzərindən müraciət etmiş gənclərlə yanaşı, aqrar sahə üzrə ali, peşə məktəbi və kollec təhsili almış, təsərrüfat yaratmağa marağı olan və ya artıq müəyyən kiçik təsərrüfatı olan 18-35 yaşlı gənclər dəvət ediliblər. Yerlərdə gənclərə doğru məlumatın çatdırılması, onların səfərbər edilməsi məqsədilə yerli özünü idarəetmə qurumlarının - bələdiyyələrin nümayəndələri də görüşlərə qatılıblar.
Görüşü giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Gənclərə layihə barədə geniş məlumatla yanaşı, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə ilkin məlumat verilib.
Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə başladığı yeni layihədir. Layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsi, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun artırılmasını, kənd təsərrüfatı ilə məşğul olan gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur. Görüşdəki çıxışlar da məhz bu baxımdan xarakterik olub.