Mədəniyyət və turizm işçilərinin toplantısı
26 iyul 2013-cü il tarixdə Heydər Əliyev mərkəzində mədəniyyət və turizm işçilərinin toplantısı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq qeyd etdi ki, rayon mədəniyyət və turizm şöbəsi indiyədək nəinki beynəlxalq miqyaslı, heç Respublika miqyaslı bir tədbir keçirməyib. İsmayıllının qədim tarixi, etnoqrafiyası, xalq yaradıcılığı, xalq sənətkarlığı, etnik və milli zənginliyi ilə beynəlxalq folklorlar və xalq sənətkarlığı festivalı keçirməyə imkan verir. Festivala hazırlıq prosesində bir neçə mərhələdə xalq sənətkarlığı nümunələrinin sərgi-satışı təşkil olunmalıdır.
Çox təəssüf ki, turistlərin sayının artması sənətkarlar maddi maraqlarını peşələrini yaşatmaq marağından üstün tuturlar. Hindistandan, İrandan suvenirlər, mis məmulatları gətirirlər. Bunu yolverilməz hesab edirəm.
Mirdaməd müəllim daha sonra bildirdi ki, mədəniyyət və turizm şöbəsində yaradıcılıq mühiti yoxdur, işçilərdə təşəbbüskarlığa, müasirliyə meyl azdır. Milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi sahəsində görülən işlər də qənaətbəxş deyildir. Bir vaxtlar çıxışları hamını razı salan “Xalq teatrı” indi yada belə salınmır. Mədəniyyət obyektləri mədəni-kütləvi tədbirlər üçün yararlı vəziyyətdə deyildir. İxtisaslı kadrların azlığı da işdə keyfiyyətsizliyə gətirib çıxarır.
Rayon mədəniyyət və turizm şöbəsi hələ ki, vəziyyətin əsaslı surətdə yaxşılaşması üçün tədbirlər görülməsini ləngidir. Şöbənin müdiri A.Abbasov rəhbərlik etdiyi sahənin fəaliyyəti barədə məlumat verdi. Bu məlumatdan aydın oldu ki, mədəniyyət və turizm sistemində hələ də yaradıcılıq mühiti görünmür, inzibati mühit üstünlük təşkil edir.
Rayon İcra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova toplaşanlardan işin yaxşılaşdırılması, folklor və xalq sənətkarlığı beynəlxalq festivalının keçirilməsi ilə əlaqədar təkliflər istədi. Lahıcı təmsil edən Nəzər Əliyev və Dadaş Əliyev daha səmərəli və düşünülmüş təkliflər verdilər.
Kürdmaşı mədəniyyət evinin direktoru Asvar Babayevin təklifləri, çıxışı işə bələdlikdən irəli gəlirdi.
Yekunda qərara alındı ki, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyət və turizmin inkişafı, festivala hazırlıqla əlaqədar konsepsiya xarakterli tədbirlər hazırlansın və onun icrasını təmin etmək üçün təşkilat komitəsi yaradılsın.