İsmayıllıda Dünya Azərbaycanlıllarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirilib
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilib. 400 nəfərdən çox iştirakçını özündə birləşdirən tədbir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qala” şadlıq sarayında təşkil olunub. Musiqili ədəbi-bədii proqramla müşaiyət olunan bayram tədbirində RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, İsmayıllı sakinlərini, bayram təntənəsinə toplaşanları təbrik edib. Rayonda gedən geniş abadlıq və quruculuq işlərindən,, yeni tikilən və tikilməkdə olan obyektlərdən söz açıb. Rayonun gələcək sosial- iqtisadi inkişafı barədə ətraflı məlumat verib. İsmayıllıya göstərilən dövlət qayğısı barədə danışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin həmişə ismayıllılara arxa, kömək durduğunu diqqətə çatdırıb. Tədbirdə qonaq qismində iştirak edən tarix elmləri doktoru Qafar Cəbiyev, Azərcell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, şair Maarif Soltan, qiraətçi Pünhan İsmayıllı, şairə Turac Hilal və başqaları çıxış edərək bildiriblər ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır. Hər Yeni il xoşbəxt gələcəyimizdən xəbər verir. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova Gənclər İdman İdarəsi adından “Gənclərin dostu” mükafatını təqdim edib.
“İlin ən fəalı” nominasiyasına təqdim olunan bir qrup qabaqcıl və əmək fəaliyyəti ilə fərqlənən işçiyə mükafatlar təqdim olunub.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük və şərəfli bir yol keçib, misli görünməmiş nailiyyətlər əldə edib. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradıb.
Rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil edib. Bayram tədbirində bir daha dərindən dərk olunub ki, bütün bunlar Prezident İlham Əliyevin milli dövlətçiliyə, xalq maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir.