İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kəndində görüş-qəbulu
Bir neçə ildir ki, problemləri dövlət qayğısı nəticəsində ardıcıllıqla həll olunan Diyallı kəndində sakinlərlə İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu olub. Böyük mütəşəkkilliklə tədbirə gələn sakinlərlə icra hakimiyyəti başçısı tam orta məktəbin iclas zalında görüşüb.
İlk olaraq Mirdaməd Sadıqov ölkədə və rayonda 2018-ci ilin yüksək nailiyyətlərlə yekunlaşmasından, cənab Prezidentin sərəncamları əsasında tamamilə yeniləşən, tikilən-qurulan, sosial həyatı zənginləşən İsmayıllıdan, 2019-cu il üçün icrası müəyyənləşdirilən layihələrdən danışıb. Qeyd edib ki, kəndin mərkəzi yolu düzəldilməli, Sədiyan, Güyüm və Diyallı kəndlərində 120-dən çox fərdi evə qaz çəkilməli,iki ədəd güc transformatoru qoyulmalı, fərdi təsərrüfatçılıqdan torpaqların ictimai formada-kooperativlərdə birləşməklə becərilməsinə üstünlük verilməli, iqlimə, şəraitə uyğun kiçik istehsal müəssisələri yaradılmasına diqqət yetirilməlidir.
RİH-nin başçısı Mirdaməd Sadıqov sonra iştirakçıları dinləyib. Tibb məntəqəsi, uşaq bağçası, torpaq sürüşməsindən ziyan çəkən evlərin əvəzinə yenilərinin tikilməsi, Güyüm kəndində elektrik xətlərinin təmiri, özünəməşğulluq proqramına daxil olunmağa şərait yaradılması, ailə başçısını itirmiş üç uşaqlı ailəyə maddi dəstək göstərilməsi və başqa məsələlər xahiş edilib. Ərazidə yerləşən “Qızıl qaya” istirahət mərkəzinin ünvanına ekoloji tarazlığı pozduğuna görə ciddi tənqid deyilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir məsələni qanuni əsasda cavablandırıb, icrası ilə əlaqədar tədbirlər müəyyənləşdirib və müvafiq tapşırıqlar verib.
İlin ilk görüş-qəbulu yüksək səviyyədə, işgüzar şəraitdə, səfərbərlik xarakterində keçib.