“20 Yanvar qan yaddaşımızdır!” mövzusunda İsmayıllı şagirdlərinin rəsm müsabiqəsi
İsmayıllı rayon Gənclər Mərkəzində rayon gənclər və idman idarəsi rayon təhsil şöbəsi ilə birgə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar qan yaddaşımızdır!" mövzusunda şagirdlər arasında rəsm müsabiqəsi keçirib.
Tədbiri giriş sözü ilə gənclər və idman idarəsinin rəisi Taleh Salehov açaraq ümumxalq hüzn gününün mahiyyətindən, 20 yanvar faciəsinin səbəbkarları və nəticələrindən, 20 yanvara gələn yoldan, təpədən dırnağa silahlanmış ordunun qarşısına çıxan Vətən oğullarının vətənpərvərliyindən, müstəqillik naminə çəkinmədən ölümə gedən gənclərin igidliyindən, ümummilli liderimiz Heydər Əliyevin 20 yanvar faciəsinə hər kəsdən, hamıdan əvvəl siyasi qiymət verməsindən danışıb. Qeyd edib ki, o zamankı SSRİ-yə rəhbərlik edən qorbaçovun qanlı siyasətinin nəticəsi olan yanvar hadisələri zamanı vətəndaşlarımızın göstərdikləri kütləvi qəhrəmanlıq bu gün də gənclərimizin vətənpərvərlik tərbiyəsində nümunə, örnək rolunu oynayır. Bədii yaradıcılığın müxtəlif istiqamətlərində bunlar öz dolğun əksini tapır.
Rayon Təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov 20 yanvar faciəsinin tarixindən, düşmənlərimiz olan ermənilərin Rusiyaya arxalanıb zaman-zaman torpaqlarımızı işğala məruz qoymasından, müasir zamanda ölkəmizin, ordumuzun qüdrətlənməsindən, işğalçıya yaxın zamanlarda layiqli cavab veriləcəyindən danışıb.
Çıxışlardan sonra 18 məktəbdən gələn 36 şagird hiss və duyğularını kətan üzərinə köçürməyə başlayıb. Bir saat davam edən müsabiqəni yekunlaşdıran münsiflər nəticələri elan ediblər.
Birinci yerə Quşencə tam orta məktəbinin 9-cu sinif şagirdi Bənövşə İsrailova, ikinci yerə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Seymur Əliyev, üçüncü yerə Buynuz kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rəbiyyə Yaqubova layiq görülüb.
Qaliblərə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri verilib.