Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka dövlət qayğısının əhatəsindədir

17 yanvar 2019 | 16:00

Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə İvanovkada kolxoz idarəetmə formasının saxlanması və cənab Prezidentin tapşırığı ilə onun idarə edilməsi üçün hüquqi əsas yaradılması uğurların ardıcıl olaraq artmasına şərait yaradıb. Burada yeni məktəb tikilib, qarşısına Ulu öndərin büstü qoyulub. Məktəb Heydər Əliyevin şərəfli adını daşıyır. 15 çarpayılıq, müasir təchizatlı xəstəxana tikilib. Regionlarda analoqu olmayan İvanovka Mədəniyyət sarayının əsaslı təmiri və təchizatı məqsədilə ölkə başçısı sərəncam imzalayıb, vəsait ayırıb. İsmayıllı-İvanovka-Hacıhətəmli asfalt yolu çəkilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İvanovka dini icması üzvlərinin xahişini nəzərə alaraq onlara avtobus bağışlayıb. Fond İvanovka tam orta məktəbinə də avtobus ayırmışdı. Azərbaycan hökuməti İvanovkadakı N.Nikitin adına kolxozun bir sıra maliyyə problemini həll edib və yeri gəldikcə də həll etməkdədir.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadlqov İvanovka kənd sakinlərini qəbul edərkən dini icma sədri Vasili Prokofyevin başçılığı ilə bir qrup icma üzvü müraciət üçün ilkin olaraq gəlib. Müraciətlərinin məqsədi də bütün etdiklərinə, göstərdikləri diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Birinci xanım Mehriban Əliyevaya, dövlətə dərin hörmət, ehtiram və minnətdarlıqlarını bildirmək olub.
Sakinlərin sonrakı müraciətləri də ictimai xarakter daşıyıb, fərdi və ya ailə maraqlarını yox, çoxluğun maraqlarını ifadə edib, kənddə həyat şəraitinin yüksəldiyinin yeni sübutuna çevrilib.
İvanovka sakinlərini nə düşündürür? Fəaliyyətlərinin daha səmərəli olması üçün nələri təklif edirlər? 1950-ci illərdə çəkilmiş birinci su xəttinin yeniləndirilməsi; istismarı daha səmərəli təşkil etmək və ixtisaslı təmir aparmaq üçün elektrik təsərrüfatını kolxozun balansından çıxarıb, “Azərişığ”ın balansına verilməsi; taxıl sahələri üçün yemləmə gübrəsi alınmasına köməklik göstərilməsi; internetin sürətinin artırılması; xəstəxanaya müxtəlif ixtisaslı həkimlərin göndərilməsi; kəndin mərkəzindəki gölün təmizlənməsi;Aqrolizinqdən verilən kənd təsərrüfatı texnikasının mövcud  qanunlar əsasında kolxozda saxlanması və s.
Pensiyaçı tarix müəllimi Nadejda Jabina xüsusi bir xahişlə müraciət edib. Deyib ki, biz məktəbdə zəngin tarix-diyarşünaslıq muzeyi yaratmışıq. Xahiş edirik ki, Mədəniyyət Nazirliyi tərəfindən ona rəsmi status verilsin. Cavab belə olub ki, Mədəniyyət sarayı təmir olunduqdan sonra muzeyə 2 otaq veriləcək, sonra isə rəsmiləşdirilməsi üçün məsələ qaldırılacaq.
Hər bir məsələ, verilən hər bir təkliflə bağlı RİH-nin başçısı Mirdaməd Sadıqov aid təşkilatlara müvafiq tapşırıqlar verib.
Qəbula gələn, orada iştirak edən hər bir kəs bir daha yəqin edib ki, dövlətimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı ilə İvanovka əvvəlki şöhrətli zamanına inamla qayıdır.

Keçidlər