Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “20 yanvar qan yaddaşımızdır!” mövzusunda “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi keçirilib

19 yanvar 2019 | 16:00

19 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi keçirilib.
İştirakçılar əvvəlcə Mərkəzin foyesində faciənin məhrumiyyətlərini və ağır nəticələrini əks etdirən sərgiyə baxıblar.
“20 yanvar qan yaddaşımızdır!” mövzulu məşğələni giriş nitqi ilə YAP rayon təşkilatının sədri, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Qeyd edib ki, tarixi düşmənlərimiz olan ermənilər Rusiyanın havadarlığı ilə hər zaman Azərbaycana münasibətdə işğalçılıq siyasəti yeridib, müstəqilliyimizin və suverenliyimizin yolunda həmişə əngələ çevrilib. 20 yanvar faciəsi də məhz bu məkrli siyasətin qanlı təzahürüdür.
Giriş nitqindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sovet ordusunun 20 yanvarda törətdiyi vəhşiliklərin təsviri olan filmə baxılıb. Veteran jurnalist Valeh Salehov “20 yanvar qan yaddaşımızdır!” mövzusunda məruzə edib.
20 yanvar əlili, Diyallı kənd sakini Əlizadə Səmədov çıxış edərək o günlərin dəhşətindən, əliyalın soydaşlarımızın qəhrəmanlığından, dövlətimizin 20 yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb.
Ailə və Uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, rayon polis şöbəsinin əməkdaşı Rahim Orucov çıxış ediblər.
Şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi- inşa yazı müsabiqəsinin qalibi Kəmalə Mehdiyeva dərin hissiyyatlı, zəngin məlumatlı inşasını iştirakçılara təqdim edib.
20 yanvar hadisələrinin şahidi olmuş İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. O, 20 yanvarı tək faciə kimi yox, xalqımızın kütləvi qəhrəmanlığı kimi dəyərləndirib. Bildirib ki, o zamankı Azərbaycan rəhbərliyinin milli köklərdən məhrumluğu, mənsəb hərisliyi, qorxaqlığı Vətən övladlarının qanının tökülməsinə gətirib çıxardı. Dar ayaqda fərarilik edən rəhbər işçilər xalqı tənha qoydular. Bəxtimiz onda gətirdi ki, ümummilli liderimiz Heydər Əliyev yenə də xalqının yanında oldu. Tökdüyü qanlara görə Qorbaçov güruhunu lənətlədi, erməni tərkibli sovet ordusunun cinayətinin miqyasını beynəlxalq aləmə çatdırdı.
Ulu öndərimiz yenidən Azərbaycana rəhbərliyə gəldikdən sonra xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı 20 yanvar faciəsinə də siyasi və hüquqi qiymət verdi.
20 yanvar şəhidlərinin əziz xatirəsi dövlətimiz tərəfindən uca tutulur. Onların ailələrinə və əlillərə hər cür qayğı göstərilir. Azərbaycanın bu günkü inkişafı bir daha təsdiq edir ki, 20 yanvarda soydaşlarımızın mərdliklə silahlı orduya sinə gərməsi əbəs yerə deyilmiş. Şəhidlər yaşayır və yaşadırlar. Allah onlara rəhmət eləsin.
Bununla da “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi başa çatıb.

 

Keçidlər